Babək rayonunda şahmat müəllimləri üçün seminar keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Babək rayon Şahmat Məktəbində rayonun ümumtəhsil məktəblərində çalışan 64 şahmat müəllimi üçün seminar keçirilib. Məktəbin direktoru İbrahim Sultanov, Şahmat Federasiyasının Babək rayon bölməsinin nümayəndəsi Hacı Hacıyev və rayon təhsil şöbəsinin əməkdaşı Müslüm Vəliyev ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublakasındakı şahmat ənənələrindən danışıb, mövcud perspektivləri diqqətə çatdırıblar.
Çıxış edənlər dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə və bununla bağlı Naxçıvan Şahmat Federasiyasında təşkil edilən yığıncağı xatırladaraq verilən tapşırıqlar istiqamətində görüləcək işlər barədə danışıblar.
Federasiyanın sədr müavini, Beynəlxalq hakim Emin Hacıyev təmsil etdiyi qurumun qarşıda duran vəzifələrilə bağlı müəyyən etdiyi tapşırıqları iştirakçıların diqqətinə çatdırıb. Sədr müavini göstərilən iradların aradan qaldırılması, verilən tövsiyə və tapşırıqların yerinə yetirilməsi, keçirilən ölkədaxili və beynəlxalq turnirlərdə uğurların artırılması istiqamətində atılacaq addımlarda şahmat müəllimlərinin fəaliyyətinin önəmindən danışıb, onlara bu istiqamətdə uğurlar arzulayıb.
Qeyd edək ki, artıq 2019-cu il üçün federasiyanın mükafat fondu təsis edilib. Fondu yaratmaqda məqsəd şahmatçıların, eləcə də məşqçi-müəllimlərin bu idman növünə olan marağını daha da artırmaq, muxtar respublikada şahmatı kütləvi hala gətirməkdir. Eyni zamanda, fond tərəfindən il ərzində uğur qazanan idmançılar və məşqçi-müəllimlər mükafatlandırılacaqlar.
Emin Səmədov