Tarix yazan qəhrəmanlar heç vaxt unudulmur

A- A A+

Müstəqil Azərbaycanın ərazi bütövlüyünün əsasını qoyan, işğal altında olan torpaqlarımızın azad olunmasının ilk sevincini bəxş edən, Azərbaycanın hərb tarixinə ilk qələbəni yazan Aprel döyüşləri və bu döyüşdə şəhid olan igid oğullarımız öz qanları ilə Zəfər tarixinin başlanğıcını qoydular. Qanla həkk olan həmin tarixə  qəhrəmanlıq, igidlik salnaməmiz yazıldı. Bu salnaməyə cəsur, qorxmaz, igidliyi ilə adını yazan oğullardan biri də şəhid leytenant Qabil Orucəliyevdir.

Bu gün şəhidimizin anım günüdür. Qabil və onun kimi oğullar bu dünyadan vaxtsız köç etsələr də, xalqın qəlbində əbədiyaşarlıq qazanıblar. Azərbaycan xalqı onları xatirəsini əziz tutaraq, hər zaman qürur və iftixarla anır.

Qabil Orucəliyev 1991-ci il sentyabrın 15-də Naxçıvan şəhərində anadan olub. O, orta təhsilini Naxçıvan şəhər 1 nömrəli tam orta məktədə alıb. 14 yaşında atasını itirən Qabil uşaq yaşlarından ailəsinin qayğısını çəkimiş, azyaşlı iki bacısı və balaca qardaşına atalıq etmişdir. Uşaqlığından qəlbində cəsurluq, qorxmazlıq, döyüşçü ruhu daşıyan Qabil hərb sənətinə böyük maraq göstərib. Bu istək onun yolunu 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseydən salır. 2009-cu ildə liseyi bitirən Qabil elə həmin il Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. 2013-cü ildə Ali Hərbi Məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi alan gənc zabit bu yolda iri addımlarla irəliləməkdə davam edir.  O, peşəkarlığını artırmaq məqsədi ilə 2013-2014-ci illərdə AR SQ-nin TTM-də təkmilləşdirmə kursu keçir.  Xidməti yerinin təyin olunmasını səbirsizliklə gözləyən Qabil cəbhənin ön hissəsində yerləşən  “N” saylı hərbi hissədə motoatıcı bölüyün tağım komandiri vəzifəsində xidmətə başlayır.

2015-ci ilin iyun ayının 9-da ailə həyatı quran gənc zabitin ailə səadəti uzun sürmür. Cəmi 4 ay ailəsi ilə birgə yaşayan Qabil Orucəliyev vətən borcunu yerinə yetirmək üçün xidməti yerinə qayıdır. Evli olduğu 9 ayda çox az müddətdə ailəsinin yanında ola bilən Qabil yeni doğulan övladının üzünü belə görə bilmir. “Qəhrəman ocağında qəhrəman doğular”-deyib atalarımız. Atasını görməyən körpə bu gün atasının adını daşıyaraq böyüyür.

Qabil Orucəliyev Aprel döyüşləri başlayan gecə Tərtər rayonunun Borsunlu kəndi yaxınlığında yerləşən məntəqədə olub. Bu məntəqəyə Milli Qəhrəman Mübariz İbrahimovun şərəfinə "Qisas postu” adı verilib. Düşmənə qarşı əks-hücumda müqavimət göstərən Qabil və yoldaşları Madagiz kəndində mühasirəyə düşüblər, aprel ayının 1-dən 2-nə keçən gecə  onlar son mərmilərinədək düşmənlə vuruşub və qəhrəmancasına şəhid olublar.

Döyüş zamanı göstərdiyi qəhrəmanlığa görə Qabil Orucəliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 aprel 2016-cı il tarixli əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli döş nişanı ilə təltif edilib.

Səriyyə Salahova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: