Ölkəmizin digər bölgələrindən füsunkar təbiəti ilə seçilən Naxçıvan torpağı min bir neməti, bərəkəti ilə hər zaman fərqlənib. Yazın gəlişi ilə payızın bitməsinə qədər nemətlər bəxş edən zəngin torpaq naxçıvanlıların ruzi mənbəyidir.
Yurdumuza qədəm qoyan yazın ilk günündən hər yerdə bir canlanma var. Bu canlanma zəmilərdə, əkin sahələrində başlanan qızğın işlər görən insanları həvəslə əməyə sövq edir. Çünki hər bir naxçıvanlı yaxşı bilir ki, bərəkətli torpaq ona ruzisini bol verəcək, əməyini yaxşı qiymətləndirəcəkdir. Bəli, doğma diyarımız nemət qaynağıdır. Hər il, ilin bu zamanı Naxçıvan əhalisi zəngin məhsullu dağ-dərə və zəmilərə üz tutur. Bu ənənə çox qədimdən qalan məşğuliyyətdir. Çünki hamı yaxşı bilir ki, dağ-dərəyə üz tutan əliboş qayıtmaz. Bərəkətli torpağımız min bir adda, min bir dərdin dərmanı olan yabanı pencər və otlar yetişdirib.
Elə fəslin tam vaxtıdır, üz tutasan səfalı təbiətə. Bizim ailəmiz də, hər il bu ənənəni davam etdirər. Həftə sonu həm istirahət, həm də torpağın bəxş etdiyi nemətləri yığmaq üçün Culfa rayonunun kəndlərinə üz tuturuq. Artıq yazın nübar pencərləri yığılıb istifadə olunur. İndi süfrələrimizi təbii yaz yeməkləri olmadan təsəvvür etmək olmaz. Yarpız, qazayağı, bulaqotu, cacıq, çiriş, quşəppəyi, cincilim, çöl sarmaşığı, əvəlik, gicitkən, quzuqulağı və sair pencərlərdən müxtəlif və dadına doyum olmayan yeməklər bişirilir.
Avtomobilimiz kənd yolu ilə irəliləyir. Yolboyu zəmilərdə, kiçik dərə-təpələrdə insanların ara-sıra pencər yığdığını görürük. Əslən Xanəgah kəndindən olan 78 yaşlı nənəm Sevgili Hacıyeva təbiət, torpaq sevən insandır. Zəmilərdə kənd sakinlərini görüb özünün də hər il dağ-dərəyə üz tutub yığdığı pencərlərdən, bişirdiyi yeməklərdən söhbət açır. Sakitcə onu dinləyir, söhbətindən özüm üçün qeydlər edirəm.
-Hər il, elə ki yaz yurdumuza qədəm qoydu, bizim evin ən ləziz yeməkləri olur dağ-dərədən yığdığımız pencərlər. Erkən yığılan dağ pencəri cacıq, çiriş, qazayağı, yarpız, xıncılovuz və şomundur. Yazda təzə-təzə yığılıb qovrulan pencərin dadı xüsusi olur. Həmişə yaz dövrü üçün ehtiyat qovurma saxlayırıq. İlk qovrulan “nubarçalıq” pencərə qovurma vurardıq. Yaz pencərlərinin qovrulması, demək olar ki, eynidir. Yığılan pencərlər təmizlənir, yuyulur, azca su ilə qaynamağa qoyulur. Soğan qovrulur, suyu süzülən pencər oraya əlavə edilir. Sarıkök, duz, istiot və yumurta vurulur. Yağda qovrulmuş pencər çox vaxt qatıqla yeyilir.
Yazın ilk yeyilən bitkisi yarpız və bulaqotudur. Həyətlərdə, çay kənarlarında yarpız ilk cücərən yaz bitkisidir. Yazda qıpqırmızı yarpızla yeyilən pendir dürməyinin xüsusi dadı olur. Təzə təndir çörəyinin arasına qoyulan pendir yarpız dürməyi insanın ağzına xüsusi dad verir. Dədə-babadan deyilərdi ki, bulaq axarlarında olan bulaqotu və ya acıqıcı adlanan pencərlər şəkər xəstəliyi olanlara yaxşı təsir edir. Çiçəkləyənə qədər yığılıb yeyilir.
Yazda erkən cücərən bitkilərdən biri də gicitkəndir. Gicitkən ən çox ağacların dibində, kolların altında bitir. Duzla ovulub yeyilir. Həmçinin gicitkəndən kətə də bişirilir. Gicitkənin müalicəvi əhəmiyyəti də odur ki, dəmləyib içəndə qanaxmanı dayandırır, qanın laxtalanmasına kömək edir.
Həyətlərdə bitən qırxbuğum otu da xeyirli bitkidir. Onun dəmləməsi, duzla ovulub yeyilməsi ürək xəstəliyinə kömək edir. Qırxbuğumdan kətə də bişirilir. Qırxbuğum doğranılır, içərisinə soğan, lavaşa, duz, istiot vurulur. Hazırlanan içlikdən kətə bişirilir. Rəhmətlik anam deyərdi ki, göy guruldayandan sonra pencərin dadı daha da yaxşı olur. Yazda duzla ovulub yeyilən qırxbuğum quşəppəyi, yemlik, gicitkən, quzuqulağı, quşquyruğu kimi çöl pencərlərinin müalicəvi təsiri çoxdur.
Qırxbuğum ürək xəstəliyinin, quzuqulağı arterial təzyiqin dərmanı sayılır. O zamanlar camaat təbii bitki, pencərlərlə öz dərdinə dəva edər, xeyrini də görərdi.
Duzla ovulub yeyilən yemliyi çox vaxt yağda qovururlar. Yemlik mədə xəstəliyinə yaxşı təsir edir, mədə ağrılarını azaldan bitkidir.
Avtomobil yol kənarında dayanır. İndi işimiz təbiətin təmiz havasını ciyərlərimizə çəkə-çəkə yaz pencərlərini yığmaqdır.
Əziz oxucular!
Zəngin təbiətə malik olan yurdumuzun hər bir təbii məhsulu can dərmanı, həyətlərdə, dağlarda bitən bitkilərin çoxu müalicəvi əhəmiyyətlidir. Odur ki, hər zaman süfrələrimizin bəzəyi olan, təbiətin bizə bəxş etdiyi gözəl nemətlərdən – pencərlərdən istifadə edək ki, canımızın sağlamlığı daim olsun!
Səriyyə Salahova