Hər kəsə öz vətəni əzizdir”,-deyib atalarımız. İnsan dünyaya göz açdıqda ilk gördüyü - evi və yurdu olur. Elə ilk sevgi-məhəbbəti yurdundan, evindən öyrənərək böyüyür. Yaşa dolduqca, onun gözündə el-oba müqəddəsləşir, əmanətləşir. Ulularının əmanəti kimi sevir, qoruyur torpağını. Sənin əmanətini almaq istəyənlər qarşısında isə bir nərə, igidə dönür. Qeyrət, namus- deyib, düşmən önünə keçilməz dağ, sədd qurur. Sahib çıxdığın Vətənsə, bölünməz, kimsəyə verilməz olur…
El igidi ilə tanınar! Bəli, tarixən Azərbaycan torpağının yetirdiyi oğul və qızları igidliyi qorxmazlığı, mərdliyi ilə tanınıb, tarixdə özlərinin şərəfli həyat hekayələrinin izlərini gələcək nəslə əmanət qoyublar. Belə oğullarımızdan biri olan Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilov hər bir azərbaycanlıya nümunə olacaq ömür yaşayaraq, özünə ürəklərdə əbədi taxt qurub.
Qəhrəmanımız Yelmar Şahmar oğlu Edilov 1946-cı il aprel ayının 10-da Ağdam rayonunun Əlimədətli kəndində anadan olub. 1954-cü ildə Əlimədətli kənd tam orta məktəbinin I sinfinə daxil olan Yelmar təhsilini başa vuraraq Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olur. O, 1964-cü ildə Minsk şəhərinə hərbi xidmətə çağırılır. Təhsilini tamamlamadan hərbi xidmətə yollanan Yelmar peşəkar idmançı olaraq sambo ilə məşğul olur. Hərbi hissədə keçirilən qarnizon birinciliyi uğrunda sambo yarışları zamanı ağır yaralanan qəhrəmanımız hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarım qalan təhsilini davam etdirir. Təhsilini bitirən Yelmar Mirzə Fətəli Axundov adını daşıyan üzümçülük kolxozunda işləməyə başlayır. Ailəli olan Yelmar Edilov 7 övlad, - beş oğul, iki qız atası idi.
1988-ci ildə Azərbaycanın əzəli, tarixi torpaqları olan Qərbi Azərbaycan ərazisindən yerli əhalinin öz doğma yudlarında zorla çıxarılmaları zamanı, əliyalın camaatın buna qarşı mübarizə apara bilməməsi, ölkədə milli ordunun yoxluğu vətənin igid oğlunu dərindən sarsıdırdı. O, dəfələrlə könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Ölkədə baş verən qarşı durma, hərc-mərclik erməni silahlı birləşmələrini daha ruhlandırır, dinç əhaliyə qarşı hücümun ardı-arası kəsilmirdi. Kolanı obasının Əlimədətli, Əliağalı, Mollalar, Qalayçılar kəndləri düşmən tərəfindən gecə-gündüz atəşə tutulur, milli ordunun olmaması səbəbindən əhali təhlükə altında qalırdı. Ümid ancaq igid oğlanların cəsarətinədə idi... Belə bir vaxtda Yelmarın səyi nəticəsində Kolanı özünümüdafiə dəstəsi yaradıldı. Bu dəstə Qazançı, Sırxavənd, Manikli kəndləri uğrunda gedən döyüşlərdə əsl rəşadət göstərdi.
1991-ci ildə Qazançı kəndinin Sarıqaznaq adlanan ərazisindən ilk döyüşə başlayan qəhrəmanımız idarə etdiyi kəşfiyyat taqımının hücumu ilə düşmənin önünü kəsir. Ağır və çətin olan döyüşdə taqım həmin ərazini düşmən işğalından azad edir. Bölgəni qarışbaqarış tanıyan Yelmar döyüşlərdə müvəffəqiyyətlər qazanır. O, döyüşçülərinə xüsusi tapşırıq verir:
-“Mən atəş açmayana qədər heç kim atəş açmasın və düşmənə mümkün olduğu qədər yaxınlaşaq”.
Döyüş tapşırdığı kimi də baş tutur, düşmənin mövqeləri ən yaxın məsafədən açılan sərrast atəşlərlə məhv edilir, düşmən postları ələ keçirilir. Müdafiə zolağını yarmağı bacaran taqım həmin ərazidən hərəkət edərək cəbhənin dərinliklərinə qədər gedib çıxır. O, rəhbərlik etdiyi taqımı arxada qoyaraq düşmən zastavasını yoxlamaq üçün tək irəliləyir. Bu zaman düşmənlə üz-üzə gələn vətənin igid oğlu özünü itirməyib bulağa yaxınlaşıb su qabını doldurur. Erməni zabitləri elə zənn edir ki, Yelmar onların öz hərbçilərindəndir. Bir anda Yelmarın həmin ərazidə gözdən itməsi düşməni təşvişə salır. Onlar meşə zolağını gülləbaran edirlər. Meşəyə səpələnən düşmən ordusu çaşbaş qalır. Yelmar bu çaşqınlıqdan istifadə edərək düşməni atəş əmri gözləyən taqımının qarşısına çıxarır. Pusquya düşən düşmən zabitləri tamamilə məhv edilir. 1993-cü ildə komandanlıq tərəfindən mühüm tapşırıq əmri alan Yelmar "Şahbulaq" yüksəkliyini düşməndən azad edərək ən ağır döyüş tapşırığını yerinə yetirir.
1994-cü ilin yanvarında Yelmarın dəstəsi daha bir ağır əməliyyat keçirməli olur. Həmin döyüşdə düşmən xeyli canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilir. Aprel ayının 11-də Cəsur komandirin son döyüşü baş tutur. Onun rəhbərlik etdiyi taqım düşmənin 2 tankını vurur. Hücuma keçən döyüşçülərimizin qarşısında tab gətirə bilməyən düşmən ordusu geri çəkilmək məcburiyyətində qalır. Bu an gözlənilmədən Yelmar Edilova yaxın məsafədə mərmi partlayır. Bu mərmi dəyanəti qırılmayan, 48 yaşlı qəhrəmanımızın gözlərini həyata əbədi yumdurur. O, ali məqama –şəhidlik zirvəsinə yüksələrək, Bakı şəhərində ikinci Şəhidlər Xiyabanında dəfn edilir.
Edilov Yelmar Şahmar oğluna ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli 203 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.
Səriyyə Salahova