“Lids” Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər ki, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı riski əhəmiyyətli dərəcədə yüksəkdir. Bu vəziyyət diqqət, konsentrasiya və yaddaşa mənfi təsir göstərir, həmçinin autizm və diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu kimi xəstəliklərin inkişaf riskini artıra bilər.
NUHÇIXAN xəbər verir ki, nəticələr “BMJ (British Medical Journal) Global Health”də dərc olunub.
Tədqiqat zamanı alimlər bədəndə piylənmə və dəmir çatışmazlığı arasındakı əlaqəyə dair minlərlə mövcud elmi işi təhlil ediblər. Meta-analizə daxil edilən tədqiqatların iştirakçıları müxtəlif ölkələrdən olan uşaqlar və 25 yaşdan kiçik insanlar olub.
Məlum olub ki, kök və artıq çəkidən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı anemiyasının inkişaf riski xeyli artıb. Bu, bədəndə dəmir səviyyəsinin azalması ilə xarakterizə olunan, qanda qırmızı qan hüceyrələrinin və hemoglobinin konsentrasiyasının azalmasına səbəb olan patoloji vəziyyətdir.
Dəmir çatışmazlığı artan yorğunluğa, yaddaşın və konsentrasiyanın azalmasına səbəb ola bilər. Həmçinin uşaqlarda anemiyanın autizm və diqqət çatışmazlığı hiperaktivlik pozuqluğuna təhrikçisi olduğu qeyd edilir. Alimlərin fikrincə, kök uşaqların orqanizmində dəmir çatışmazlığı pis qidalanma ilə bağlı ola bilər.
Xüsusilə, fəst-fud, şirniyyat, çips və şəkər tərkibli içkilərin qəbulu da pis qidalanmaya daxildir. Belə qidalarda çoxlu yağlar və karbohidratlar olur.