Bağbanları daha çox qorxudan meyvə və giləmeyvələrin şaxtadan tələf olmasının səbəbi onların toxumlarında buzun əmələ gəlməsidir. Payızda əlverişli şərait olduqda isə toxumlar möhkəmlənir ki, bunun da nəticəsində şaxtaya davamlılıq artır.
Bitkinin şaxtaya davamlılıq dərəcəsi onun filogenetik inkişafından da çox asılıdır. Məsələn, bitkinin kökləri həmişə torpaqla örtülü yerdə olduğundan onlar şaxtaya davamsızdır. Lakin yerüstü hissədə şaxtalara davamlılıq yüksəkdir. Ümumiyyətlə, torpaq səthinə yaxın yerləşən köklərə nisbətən dərin qatlardakı köklər şaxtaya davamsız olur.
Alma ağacının növündən asılı olaraq, onun yerüstü hissəsi nisbi sükunət dövründə 32-50 dərəcəyədək şaxtaya dözdüyü halda, kökləri 12-18 dərəcə şaxtaya ancaq davam gətirir, vegetasiya dövründə isə 3 dərəcə şaxtada donur. Bitkinin eyni bir orqanının şaxtaya davamlılıq dərəcəsi onun fenofazalarından da xeyli asılıdır. Məsələn, alma ağacının cavan zoğları vegetasiya vaxtı 3 dərəcə şaxtada tələf olduğu halda, həmin zoğ qışa yaxşı hazırlıq görüləndə 30-40 dərəcə şaxtaya da davam gətirə bilər.
Eyni orqanın ayrı-ayrı hissələrinin şaxtaya münasibəti müxtəlifdir. Belə ki, çiçəyin erkəkciyi 20-22 dərəcə şaxtaya dözə bilir, dişicik isə mənfi 1-2 dərəcədə məhv olur.
Şaxtalı havalarda axar suyun temperaturu havanın temperaturundan həmişə yüksək olduğundan o, ağacları şaxtadan mühafizə edir. Buna görə də meyvə bağını çay və axarı olan gölməçələrin yaxınlığında salmaq tövsiyə edilir. Meyvə bağının ətrafına qoruyucu meşə zolağı salmaqla da bitkiləri şaxtaların təsirindən azaltmaq olar.
Meyvə bitkilərinin şaxtaya davamlığını yüksəltmək üçün bağın payızda yarpaqlar töküldükdən sonra suvarılmasının böyük fizioloji əhəmiyyəti vardır. Təcrübələr sübut edir ki, bitkilərə azot və fosfora nisbətən kalium çox verildikdə şaxtaya davamlılıq artır.
Muxtar respublikada üzüm kollarını şaxtadan mühafizə etmək üçün davamlı sortlar əkilməli, payızda tənəklər torpaqla örtülməli, dondurma suyu verilməlidir. Yazda tənəkləri torpaqdan nisbətən gec çıxarılması və budanması, gözlüklərə qatı əhəng məhlulunun çilənməsi məsləhətdir. Yazda tənəklər suvarılmalı, zoğların ucu vurulmalıdır. Şaxtalı günlərdə bitkinin üstü həsirlə, yaxud küləşlə örtülməli, nəm küləş komalarını yandırmaqla tüstü pərdəsi yaradılmalıdır.
İntiqam Hüseynbəyli, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı