Xalqımızın maddi-mədəniyyət nümunələri içərisində özünəməxsus yer tutan ənənələrindən biri də təndir qoymaq, çörək bişirməkdir. Tədqiqatçılar “təndir” sözünün qədim türk xalqı şumerlərə məxsus olduğunu qeyd edirlər. Ümumiyyətlə isə, Azərbaycan xalqı tərəfindən tarixən məişətdə təndirdən geniş istifadə olunub. Çünki təndir təkcə xörək və yeməklərin bişirilməsində deyil, həm də evlərin qızdırılmasında böyük rol oynayıb. Aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş təndirxanaların əsasən evlərin içində və dəhlizində qoyulduğu bunun bariz nümunəsidir. Zaman keçdikcə evlərin qızdırılmasında sobalar əsas rol oynadığından təndirlərin evlərdən bir az kənarda tikilməsinə başlanılıb. Bu həm də artıq o dövrlərə təsadüf edir ki, yeməklərin hazırlanmasında daha çox sobalardan və yaxud ayrıca qurulmuş ocaqlardan istifadə olunurdu. Təndirlər isə daha çox çörək bişirilməsi məqsədilə qoyulurdu. Yüz illər keçsə də, təndir bu gün də məişətimizin ayrılmaz hissəsi hesab olunur. İndi də kəndlərimizdə yaşayan ailələr bu ənənəni davam etdirirlər. Bəs ümumiyyətlə təndirlərin qoyulması prosesi necə həyata keçirilir? Bunu hər kəs bacarırmı? Kəngərli rayonunun Qarabağlar kəndində yaşayan Xumar Nəsrullayeva uzun illərdir bu işlə məşğuldur və bu sahədə böyük təcrübəsi var. Bizimlə söhbətində dedi ki, təndir qoymaq, yəni onu tikmək üçün xüsusi palçıqdan istifadə olunur. Bu palçığın tərkibi əsasən gildən ibarət olur. Torpağı da hər yerdən əldə etmək olmur. Bildirdi ki, biz keçmiş vaxtlardan bu günümüzədək təndir torpağını qonşu Çalxanqala kəndinin yaxınlığındakı təpədən və yaxud Qabıllı kəndinin ərazisindən gətiririk. Təndir palçığının hazırlanmasının da öz qaydası var. Belə ki, təndir torpağına su vurulduqdan sonra yaxşıca qarışdırılır və bu vəziyyətdə bir həftə saxlanılır ki, palçıq tam özünə gəlsin. Eyni zamanda həmin palçığa keçi tükü - qəzil də vururlar ki, palçıq sonradan təndirdə çatlamasın. Beləliklə bir həftə keçdikdən sonra əldə olunan palçıqdan təndiri qoyurlar. Əvvəllər hər kəsin həyətində təndir vardı və bu təndirlərin hamısı demək olar ki, yerdən olardı. Bunun üçün həmin yerin torpağı qazılıb çıxarılar, ətrafı geniş açılardı. Lap aşağı hissədən təndirdəki odunların hava çəkərək yaxşı yanması üçün balaca deşik qoyulardı və buna “küflə” deyərdilər və o boru çəklində bir az kənarda torpağın üstünə çıxarılardı. Təndir qoymaq günlərlə vaxt aparırdı və bu işi görən insan mütləq pak olmalıdır. Çünki təndir, bərəkət, ruzi mənbəyidir. İşin sonunda isə ev sahibi təndir qoyana zəhmət haqqı olaraq pul və yaxud xələt verərdi.
Müsahibimiz deyir ki, təndir hazırlanıb başa çatdıqdan sonra bərəkətli və arxalı, yəni istiliyi çox saxlasın deyə, badına-divarlarına ilk çörək yapılmadan əvvəl ona heyvan ciyəri yapıb, bişirərdik. Adi günlərdə çörək yapılanda adətən, bu iş kollektiv şəkildə olardı. Əsasən qonşular çörək yapmaq üçün bir-birilərinə kömək edərdilər. Elə indinin özündə də belədir. Çörək bişirilən gün ev yiyəsi olan qadın sübh tezdən qalxar ailənin tələbatına uyğun unun xəmirini yoğurar. Bu işdə ona ailə üzvləri də kömək edərlər. Bir çuval unun xəmirini yoğurmaq üçün isə onu çadır süfrəyə bükürlər. Yaxşı qıcqırması üçün üstünə parça salıb ayaqlayarlar və bu proses xəmir tam yoğrulana qədər davam edər. Sonra həmin xəmir təndirəsərə daşınar və burada qonşularla birlikdə kündələnər. Təbii ki, bu sırada təndir də sübh tezdən yandırılar, bunun üçün əvvəlcə çırpıdan , sonra böyük ağac kötüklərindən istifadə olunar. Elə ki, təndirin içərisindəki odunlar yanıb qurtardı, təndirin divarları-badı istidən, necə deyərlər, ağarar. Bu o deməkdir ki, artıq təndirə çörək yapmağın vaxtıdır.
Xumar xala onu da diqqətə çatdırır ki, çörək yapılan zaman tapı, çıppa, dəstana üçün xəmir də ayırıb saxlayırlar. Ancaq onları ən sonda təndirə yapırlar. Elə ki, iş qurtardı, bu işdə zəhməti olan qonşuların hamısına evə gedən zaman isti çörək payı qoyular. Ev yiyəsi isə gün ərzində rast gələrsə həmin evə yaxın yoldan keçənə, digər qonşulara və iş üstünə gələnlərə isti çörək payı verər.
Həmsöhbətimiz təndirlərdə toy çörəyinin yapılması prosesinin isə daha maraqla keçdiyini deyir: Oğul, qız toyu edən ailələr toydan qabaq “toy çörəyi” bişirmək üçün hazırlıq görər. Toy çörəyi yapılarkən qonşuları və qohumları “Əppək üstə”, “Təndir başına” dəvət edərik. Gələnlər pul, hədiyyələr gətirərlər. Kömək üçün gələnlər də təndir başında bir tikə toy çörəyi yeyər. Sonra toy üçün yapılan çörək dəstələnər və sərin bir yerə yığılardı ki, toya hazır olsun. Ev sahibi “Əppək üstə” gətirilmiş nəmər kimi pul və hədiyyələrin müəyyən hissəsini çörəkyapanlara verər. Toy çörəyi ən az iki tay, yəni yüz kiloqram undan yoğrulub yapılar. Toydan bir gün qabaq köməyə gələnlərin içərisindən ən təcrübəliləri seçilir və lavaş sulamaq onlara tapşırılar. Çünki lavaşı isladanda diqqətli olmaq, suyu lazım olan qədər vurmaq lazımdır. Çörəyin toyda lazım olan qədəri istifadə edilər, qalanı isə quru şəkildə saxlanılar.
Xumar Nəsrullayeva onu da bildirir ki, bəzi vaxtlarda təndir salanda qonum-qonşu da evində bir az xəmir yoğurub gətirər, lavaşı bişirib qurtardıqdan sonra dəstana, çıppa, tapı yaparlar. Yaz fəsli olanda isə müxtəlif pencərlərdən hazırlanmış kətələrə daha çox üstünlük verilər. Maraqlı söhbətimizin sonunda Xumar xala onu da bildirir ki, hər dəfə təndir salanda adətimizdir ki, əvvəlcə qapıdakı it-pişik üçün “küt” bişirək. Bu təndirin divarından qopub düşən yanmış çörəklər və ya daha qalın xəmir kütləsidir. Hətta çörək yapıb qurtarandan sonra da əlavə olaraq küt bişirərik ki, növbəti günlərdə heyvanlara verək. Nəhayət işlər qurtardıqdan sonra ev sahibi təndirəsəri təmizləyib çörək yapmaq üçün lazım olan əşyaları - oxlovu, rəfətəni, duvağı, əppək daşını, təndirdəki közü arada qarışdırmaq üçün istifadə olunan şişi yığışdırıb bir kənara qoyar ki, gələn səfər təndir salanda hazır olsun.
Söhbət əsnasında öyrəndik ki, Xumar Nəsrullayeva hazırda da təndir qoymaqla məşğul olur. Deyir ki, indi daha çox ayaqüstə çörək bişirmək üçün istifadə olunan daşınan təndirlərdən istifadə edilir. Havalar soyuduğundan sifarişlər azalsa da, bu iş üçün müraciət edənləri əliboş qaytarmır.
Çörək bişirmək xalqımızın qədim adət-ənənələrindəndir. İndi muxtar respublikamızın bütün yaşayış məntəqələrində çörəkbişirmə müəssisələri fəaliyyət göstərsə də, Xumar xala kimi bu ənənəni davam etdirənlər də var.
Səbuhi Həsənov “Yeni həyat” qəzeti