Gözlərə nur bəxş edən oftalmoloq alim...

A- A A+

Necə yazmaya bilərəm gözlərə nur və işıq bəxş edən qadından... Təbiətin və torpağın oyandığı bir zamanda, istinin, günəş şüalarının ruha fərahlıq verən, gözəl yaz fəslinin Azərbaycan torpağına verdiyi nemət bəxşişi olduğu kimi, həmin fəslin Azərbaycan xalqına verdiyi əvəzolunmaz böyük şəxsiyyətindən, ziyalı xanımından, mütləq ki, yazmalı idim...

Vətəndaşlıq, humanizm, ürək saflığı, nəcibliyi, sadəliyi, dünyagörüşü ilə qəlblərdə yer tutan Zərifə xanım Əliyeva 1923-cü ildə aprelin 28-də qədim Naxçıvan torpağının Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Ailəsindən aldığı tərbiyəni, götürdüyü bütün müsbət xüsusiyyətləri ilə ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda Onun köməyinə çatıb. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının inkişafına həsr etmiş dahi şəxsiyyətin- Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli, etibarlı silahdaşı idi. Ulu Öndər Heydər Əliyev deyirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhvali-ruhiyyədədirlər. Onlar bu əhvali-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”.

Zərifə xanım Əliyeva ailəsinə bağlı gözəl ana idi. Onun tərbiyə etdiyi iki övladı bu gün xalq arasında sevilən bəstəkar Sevil Əliyeva və Azərbaycan torpaqlarının işğaldan azad olunması zəfərini yaşadan, 30 illik yurd həsrətinə son qoyan, xalqın Müzəffər Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevdir. Ölkə Prezidenti İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.

Ətrafına sevgi bəxş edən Zərifə xanım elm-təhsilni, həkimliyini də sevərək edirdi…

Atasının ömür yolunu özü üçün əsl həyat məktəbinə çevirərək, ata sənətinin davamçısı olan Zərifə xanım 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Ali təhsil almaq məqamında Zərifə Əliyevanın göz həkimliyini ixtisas kimi seçməsi onun gözlərə nur bəxş etmək istəyindən irəli gəlirdi. Zərifə xanımın təbiətində olan zəriflik və incəlik, həssaslıq və nəcibliyi göz həkimliyi kimi həssas bir sənətin peşəkarı olacağını bildirirdi. Zərifə xanım Əliyeva 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirir. Həkimliyi çox uca peşə bilən Zərifə xanım həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”. O, ötən əsrin 50-ci illərində peşəkar həkimlik və əsl vətəndaşlıq edərək xalqın bəlasına çevrilmiş traxoma xəstəliyinin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi istiqamətində mübarizə aparmışdı. Zərifə xanım nəyin bahasına olursa-olsun tezliklə bu xəstəliyin səbəblərini aşkar edib aradan qaldırmaq üçün səy göstərirdi. İnsanları qaranlıq dünyadan çıxarıb gözlərə nur bəxş etmək elə də asan iş deyildi. Bu şəfqətli tədbirləri görmək üçün ağır zəhmət və uzunmüddətli vaxt lazım idi. Gecəsini gündüzünə qataraq xalqı bu xəstəlikdən xilas etməyə çalışan Zərifə xanım Azərbaycanın bütün rayonlarını gəzərək traxoma ocaqlarını aşkar etmiş, özünün tərtib etdiyi müalicə üsullarını həyata keçirmişdir. Onun etdiyi müalicə ilə o dövrün güclü antibiotiki hesab olunan sintomisindən istifadə olunmaqla bu ağır xəstəliyin qarşısı alınmışdır. Onun müalicə metodu ilə yüzlərlə insan göz nuruna qovuşaraq, görməmək təhlükəsindən qurtulmuşdur.

Zərifə xanım Əliyeva 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.

XX əsrin 50-ci illərində Zərifə xanım tərəfindən tibb elmi üçün kəşf edilmiş, elmi cəhətdən əsaslandırılmış müalicə üsulları aradan illər keçməsinə baxmayaraq, indi də tətbiq edilir və insanlara nur bəxş edir. Zərifə xanım oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Akademik M.Averbax adına mükafatına layiq görülmüşdür.

Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarla elmlər doktorunun və namizədinin rəhbəri olmuş və böyük bir elmi məktəb yaratmışdır. Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Azərbaycanın nümunəvi qadını…

Müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin sadiq dostu, ömür-gün yoldaşı, xalqımıza Müzəffər Sərkərdə bəxş edən ana, həkimliyi ilə bütün xalqın yükünü çiyinlərinə götürən, bir an belə gördüyü işlərdən yorulmayan, bu uğurda yüksək mövqe qazanaraq Azərbaycanın nümunəvi qadınları sırasında yer tutan Akademik Zərifə xanım Əliyeva həyat yolu ilə hər bir azərbaycanlı qadına nümunədir. Azərbaycan qadınının bütün keyfiyyətlərini özündə cəmləşdirən zərif, incə xanım Zərifə Əliyeva bu gün xalqın qəlbində xüsusi yer tutub. Zərifə xanım insanlıq keyfiyyəti və əməlləri ilə hər zaman dərin hörmət və sevgi ilə xatırlanır, yad edilir.

Səriyyə Salahova

NUHÇIXAN

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: