Vətən sevgisi ilə hər kəsə nümunə olan – Şəhid…

A- A A+

Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən, düşmən önünü kəsərək özünü sipər edən igid oğullarımız hər zaman var olublar. Belə oğullarımız qısa ömürləri ilə gələcək nəslə nümunə olacaq həyat yaşayıblar. Haqqında məlumat verəcəyimiz şəhid Quliyev Sərxan Elxan oğlu da qəhrəman oğullarımız kimi qısa ömrü ilə adını tarixinin şanlı səhifələrinə yazmış, xalqın qəlbində əbədiləşmişdir…

Vətənin igid oğlu Sərxan Quliyev 1991-ci il aprel ayının 24-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Uşaqlığı doğulduğu kənddə keçən qəhrəmanımız orta təhsilini Dırnıs kənd məktəbində başa vurub. Oxuduğu illərdə vətənpərvərliyi, sadə və mehribanlığı ilə yoldaşlarından seçilən Sərxan, müəllim, şagird kollektivi arasında etibar və hörmət qazanmışdır. Hər zaman hərbi dərslərə maraq göstərərək, “Gün gələcək vətənin müdafiəsində düşmən önündə məndə duracağam”- deyən qəhrəmanımız, sanki əvvəlcədən yaşayacağı ömür yolundan xəbər verirmiş… O, 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağrılır. Atası Elxan, anası Zülfiyyə xanım oğullarını müqəddəs vəzifə olan, vətənə xidmət borcunu yerinə yetirmək üçün xeyir-dua ilə yolla salırlar. 18 yaşlı gənc Azərbaycan əsgəri xidmətinə Şərur rayonun ən ucqar kəndlərindən biri olan Havuşda başlayır.

Bildirim ki, Havuş uca dağlar və sıldırım qayalar arasında olan, düşmən ölkə- Ermənistanla sərhəddə yerləşən kənddir. Buradakı hərbi postların birində xidmətini canla-başla edən Sərxan, cəsarəti və qorxmazlığı ilə komandirlərinin rəğbətini qazanmış, nizam-intizamlı və verilən döyüş tapşırıqlarını vaxtında yerinə yetirən əsgər kimi xidmət yoldaşları arasında fərqlənmişdir.

2009-cu ilin noyabrın 6-da xain düşmən həmişəki kimi atəşkəsi pozaraq Havuş kəndində yerləşən postları atəşə tutur. Düşmənə layiqli cavab verilməsində şücaət göstərən vətənin igid əsgəri ağır yaralanaraq, ali məqama –şəhidlik zirvəsinə yüksəlir. Şəhid Quliyev Sərxan Elxan oğlu Dırnıs kənd qəbiristanlığında yerləşən “Şəhidlər” guşəsində dəfn olunur.

Tarixən torpaq uğrunda şəhidlər versək də, igid oğullarımız onların qanını yerdə qoymayıb. Nəyin bahasına olursa-olsun bu qisas alınıb. İndi Qalib Xalq olaraq qürurla deyirik ki,- Vətənin igid oğlu, ruhun şad olsun! Azərbaycanın Şanlı Ordusu düşmənə layiqli cavab verərək qisasınızı aldı. Qisas qiyamətə qalmadı…

Səriyyə Salahova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: