Murmanskda azərbaycanlı tələbələr, bu vilayətdəki “Azərbaycan” Milli-Mədəni Muxtariyyəti və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.
NUHÇIXAN-ın məlumatına görə, tədbirlər çərçivəsində keçiriləcək şəhidlərin xatirəsini anım mərasimlərində onların ruhuna dualar oxunacaq, rəsm və foto sərgiləri təşkil ediləcək, filmlər nümayiş olunacaq.
Bununla yanaşı, yanvarın 20-də Ümumrusiya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Yanvar faciəsinə həsr olunan elmi-praktik konfrans keçiriləcək. Sənədli filmlərin və fotomaterialların nümayiş etdiriləcəyi tədbirdə Murmansk vilayəti İctimai Palatasının üzvləri, bələdiyyə və hökumət orqanlarının nümayəndələri, KİV, Murmanskda yaşayan digər ölkələrin və xalqların diaspor təşkilatları iştirak edəcəklər.
Diaspor fəalları, həmçinin Bakıda qanlı Yanvar hadisələri ilə bağlı Rusiya Federasiyasının Murmansk vilayəti Hökumətinin rəsmi saytında yerləşdiriləcək və bir sıra regional KİV-lərdə dərc olunacaq dünya parlamentarilərinə müraciət, mətbuat üçün açıqlamalar və məqalələr hazırlayıblar.