NUHÇIXAN Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, 2018-ci ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad il ərzində 2505 uşağa verilib. Statistikaya əsasən, oğlan adlarında sonrakı yerləri Əli (2129), Hüseyn (1929), Uğur (1597), Ömər (1569), Məhəmməd (1381), Murad (1337), Ayxan (1086), Tunar (965), İbrahim (802) tutur.
Ötən il qız uşaqlarına ən çox Zəhra adı verilib (2515). Qız uşaqlarına ən çox qoyulan digər adlar Nuray (1700), Aylin (1610), Zeynəb (1604), Məryəm (1595), Fatimə (1408), Mələk (1347), İnci (1227), Dəniz (1094), Mədinədir (1011).
Son beş il ərzində də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib. Beş il ərzində 12 min 394 uşağa Yusif, 11 min 810 qız uşağına isə Zəhra adı qoyulub.
Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın mənası, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı (www.exidmet.justice.gov.az) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.