NUHÇIXAN xəbər verir ki, Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleksin yaradılması qədim diyarın geologiyasının hərtərəfli öyrənilməsinə imkan verib.
Geoloji kəşfiyyat işləri kameral və çöl şəraitində aparılıb. Naxçıvan duz mədənində yeni istismar şaxtasının tapılması üçün 3 geoloji kəşfiyyat quyusu qazılıb və quyudan alınan nəticələrə görə şaxtanın yeri dəqiq müəyyən olunub.
İdarə tərəfindən Toydaş ərazisində mis-molibden yataqlarında, Şurut sahəsindən faydalı qazıntılarda, eləcə də Kəngərli rayonunun Qarabağlar kəndində inşaat materialları və Babək rayonunun Çeşməbasar sahəsində isə gil yataqlarında axtarış-qiymətləndirmə işləri aparılıb. Digər strateji əhəmiyyətli faydalı qazıntıların öyrənilməsi sahəsində də kəşfiyyat-axtarış işləri davam etdirilib.
Yeni 700 metr dərinliyə qədər qazma imkanı olan müasir avadanlığın alınması kəşfiyyat və axtarış işlərinin səmərəliliyini daha da artırıb.
Geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda tanıdılması və təbliğ edilməsi məqsədi ilə yaradılan Geoloji muzeydə Bakı şəhərindən gətirilən muxtar respublikaya aid paleontoloji tapıntı nümunələri də nümayiş olunur.
Röyal Kərimov