Vətən igid oğulları ilə tanınar…

A- A A+

Vətən o zaman yurd, ana torpaq, el-oba olur ki, dar anında igid oğul və qızları ayağa qalxıb onu qorumağa, bu uğurda candan keçməyə cəsarət, şücaət göstərirlər. Düşmən önündə özünü çəpər edən igid oğullar sayəsində bu Vətən torpağı var olur, qorunur, bütün-bölünməz olur… Belə igidlərimizdən biri də Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Paşayevdir. Məlumat üçün bildirim ki, hər dövr xatırlanan, xatirəsi xalqımızın qəlbində əziz tutulan qəhrəmanımızın bu gün doğum günüdür.

O, 1936-cı il may ayının 1-də Ağdam rayonunun Əhmədavar kəndində anadan olub. Orta təhsilini bu kənddə başa vuran Baxşeyiş sonra təhsilinə Kənd Təsərrüfatı Texnikumunda davam edir. Təhsilini bitirdikdən sonra bir sıra təsərrüfat işləri ilə məşğul olur.

Diqqətə çatdırım ki, 1988-ci ildə Qarabağın Ermənistana birləşdirilməsi haqqında qətnamə qəbul edilir. Bununla razılaşmayan onminlərlə etirazçı sırasında olan Əli Hacıyev və Bəxtiyar Quliyev fevral ayının 22-də Əsgərana doğru hərəkət edərkən düşmən tərəfindən açılan qəfil atəşlə şəhid edilirlər. Hadisədən xəbər tutan Baxşeyiş dərhal xalq hərəkatına qoşulur. Bundan sonra həyatını cəbhəyə bağlayan qəhrəmanımız döyüşçülərə silah-sursat gətirilməsində və dinc sakinlərin təhlükəsizliyinin təmin edilməsində şücaətlər göstərir. Vətənin iğid oğlu "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olur. Onun göstərdiyi igidlik və cəsarətlə Xocalı rayonunun Pirlər kəndi erməni quldurlarından təmizlənir. Döyüşçülər arasında "Ağsaqqal" ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan düşmən ordusunun xeyli canlı qüvvəsini məhv edir. Bir neçə dəfə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata gedən qəhrəmanımız topladığı məlumatlarla düşmən quldurlarının hücumunun qarşısını almağı bacarır. Saymaqla bitməz igidliklər edən Baxşeyiş Xocalı faciəsi gecəsində onlarla dinc sakini düşmən gülləsindən xilas edir. 1992-ci ilin iyul ayında erməni işğalçıları Xanabad kəndinə böyük qüvvə ilə hücum edirlər. Bu zaman Baxşeyiş döyüş yoldaşları ilə birlikdə əks-cavab verərək düşmənin 7 postunu ələ keçirlər. Bu böyük qələbəni həzm edə bilməyən düşmənin açdığı qəfil atəş nəticəsində qəhrəmanımız şəhadətə ucalır. Doqquz övlad atası olan Baxşeyiş Paşayev Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilir.

Ölümündən sonra vətənin igid oğlu Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

“İgid ölər adı qalar”- deyib atalarımız. Baxşeyiş Paşayev də igidliyi, qəhrəmanlığı ilə tarixin silinməz səhifələrinə adını yazıb. İndi Qarabağ torpaqlarına ayaq basdıqca könüldən deyirik ki, ruhunuz şad olsun vətən oğulları, uğrunda canınızı verdiyiniz ana yurdunuz indi azaddır. Sizin kimi oğullar sayəsində öz doğmalarındadır…

Səriyyə Salahova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: