Ordubad rayon İcra Hakimiyyətində 2018-ci ilin yekunları müzakirə olunub     - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Ordubad Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə  2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov bildirib ki, ötən il Ordubad rayonunun sosial-iqtisadi həyatında nailiyyətlər qazanılıb, sənaye məhsulunun istehsalı  artıb. Bütün maliyyə mənbələrindən əsas kapitala  yönəldilən investisiyanın həcmi 1,2 faiz çoxalıb. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri isə 1,4 faiz yüksəlib.

Müşavirədə ötən il rayonda aparılan quruculuq işlərinin miqyasının genişləndiyi diqqətə çatdırılıb. Rayonda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi yaradılıb, Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilib, Dəstə kəndində kompleks quruculuq işləri aparılıb.

Elşad Məmmədov kənd təsərrüfatı, meliorasiya və irriqasiya, rabitə, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə qazanılan uğurlardan  danışıb. Vurğulanıb ki, son illərdə qəbul olunmuş Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin icrası 2018-ci ildə kənd təsərrüfatında məhsuldarlığın artırılmasına  müsbət təsir göstərib və aqrar sahənin  davamlı inkişafı təmin olunub. 

Rayonda ətraf mühitin, mövcud yaşıllıq zolaqlarının qorunması və  artırılması diqqətdə saxlanılıb, keçirilən yaşıllaşdırma aylıqları çərçivəsində meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb. Əhalinin  məşğulluq səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilib.

Məruzə ətrafında müzakirələrdə maliyyə şöbəsinin müdiri Bəxtiyar Əsgərov və statistika idarəsinin rəisi Namiq Babayev çıxış ediblər. Onlar  rayonun sosial-iqtisadi həyatında qazanılan uğurları  bu bölgənin inkişafına göstərilən qayğı kimi dəyərləndiriblər.

Müşavirəyə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov yekun vurub. O, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  doqquzuncu sessiyasının qarşıya qoyduğu  vəzifələrdən  bəhs edib və bildirib ki, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunub. Rayonda bu  sahə ilə məşğul olanlar “Ailə təsərrüfatı məhsulları” festivallarında fəal iştirak edirlər. Bu il həmin sahədə  işlərin daha da  səmərəli aparılması  təmin edilməlidir.

Müşavirədə  ötən il rayonda yol verilmiş  nöqsanlar da  təhlil olunub. Qeyd edilib ki,  qanunsuz tikililərin qarşısı alınmalı, torpaqlardan  səmərəli istifadə olunmalı, kəndlərin  təmizliyinə diqqət daha da artırılmalı, inzibati ərazi dairəsi  üzrə nümayəndəliklər hər bir vətəndaşın müraciətinə  diqqətlə yanaşmalıdır.

 

                                      Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: