Müstəqillik yolunda canından keçən qəhrəman

A- A A+

Doğma diyarımızın istiqlalı, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalan igid oğullarımız var olduqca, yüksələr bayrağımız, inkişaf edər gözəlləşər Vətənimiz…

Xalqımız vətənini yaşatmaq üçün canını fəda edən oğulları ilə hər zaman qürur duyub, xatirələrində yaşadıb…Belə oğullarımızdan biri də Mirabov Rəşad Akif oğludur. Bu gün qəhrəmanımızın doğum günüdür. O, 1975-ci ildə  may ayının 3-də Mingəçevir şəhərində anadan olub. 1982-ci ildə Mingəçevir şəhər 7 saylı orta məktəbin birinci sinfinə daxil olan qəhrəmanımız doqquzuncu sinfi başa vuraraq təhsilinə axşam məktəbində davam edir. İlk əmək fəaliyyətinə atasının çalışdığı Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında dərzi köməkçisi kimi başlayan Rəşad orta təhsilini 1993-cü ildə bitirir. Həmin il Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırlan vətənin igid oğlu əvvəlcə, indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsində sonra isə Səngəçalda və Şubanıda hərbi təlim keçərək Xüsusi təyinatlı bölmədə kəşfiyyatçı-minaaxtaran peşəsinin sirlərinə dərindən yiyələnir. Həmin dövr ökləmizin başının üstündən qara buludlar çəkilmirdi. Baş qaldıran hərc-mərclik, zəif dövlətçilik, durmadan işğal olunan torpaqlarımızla - demək olar ki, vətənimiz ən ağır günlərini yaşayırdı. Bu ağır gündə doğma yurdumuzu qoruyan igid oğullarımız ayağa qalxıb çətin vəziyyətdən vətəni çıxarmaq üçün canla-başla xidmət edir, əllərindən gələni əsirgəmirdilər. Elə həmin dövrdə Rəşadın olduğu bölmə Tərtər bölgəsinə göndərilir. Burada düşmənlə qarşı-qarşıya vuruşan bölmə sonra Füzulidə başlayan ağır döyüşlərə qatılır. Bir neçə əməliyyatda iştirak edən qəhrəmanımız yenidən Tərtərdə ön cəbhədə xidmətinə davam edir. Düşmən ordusu ilə atəşkəs elan olunduqdan sonra Rəşad yenidən Bakıya, xidmət etdiyi hərbi hissəyə geri qayıdır. Od-alovun içindən çıxıb sağ-salamat qayıdan Rəşadı demək olar ki, daha ağır günlər gözləyirmiş. 1995-ci il mart ayının 17-də bir qrup qiyamçı dövlət çevrilişinə cəhd göstərdi. Ölkə müstəqilliyinin qorunmasında qiyamçılara qarşı aparılan əməliyyatda vətəndaşlıq borcunu yerinə yetirən Rəşad Mirabov qəhrəmanlıq göstərərək şəhidlik zirvəəsinə yüksəlir. Vətənin igid oğlu Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilir. Həmin ilin aprel ayında Rəşadın göstərdiyi qəhrəmanlıq ölkə Prezidenti, xalqın Ulu Öndəri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilir. O, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür.

Bildirək ki, subay olan qəhrəmanımızın adı əbədiləşdirilərək təhsil aldığı Mingəçevir şəhər 7 saylı orta məktəbə verilib. Həmin məktəbin və Şəhidlər muzeyinin önündə qəhrəmanımızın büstü qoyulub.

1995-ci il mart hadisələrindən 29 il ötür. Vətən oğullarının qoruyub əmanət qoyduqları doğma diyarımız - Azərbaycan indi müstəqil dövlət kimi daha da inkişaf edir və güclənir. Şəhidlərimizin əmanətinə sahib çıxan igid oğullarımızın şücaəti ilə işğal altında olan torpaqlarımız da artıq dörd ildir ki, azaddır! Bu gün biz bütöv vətənə, güclü dövlətə sahibik! Bizə bu gələcəyi ərmağan edən şəhidlərimizin ruhu qarşısında baş əyirik… İgid oğullarımız, haqqınız ödənilməzdir!

 

Səriyyə Salahova

NUHÇIXAN

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: