NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Agentliyin direktoru Bəxtiyar İsmayılov bildirib ki, hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarının icrası xüsusilə diqqətdə saxlanılaraq ardıcıl tədbirlər yerinə yetirlib. İl ərzində uşaq bağçalarının, məktəblərin, xəstəxanaların, təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılmasına diqqət artırılıb. Belə ki, 102 məktəbin bufetində, 11 təhsil müəssisəsinin bufet və yeməkxanasında və 18 məktəbəqədər tərbiyə müəssisəsində davamlı monitorinqlər, 19 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılıb, 64 məktəbin bufetində, 6 təhsil müəssisəsinin bufet və yeməkxanasında, 4 məktəbəqədər tərbiyə və 1 səhiyyə müəssisəsinin yeməkxanasında aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.
2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar ümumilikdə idxal olunan 5372 ədəd məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 440 ədəd məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində ailə təsərrüfatlarında istehsal olunan məhsulların markalanmasına köməklik göstərilməsi üçün 7926 ədəd rəngli etiket hazırlanıb və ailə təsərrüfatlarına çatdırılması təmin edilib.
İl ərzində ailə təsərrüfatlarının fəaliyyətinin gücləndirilməsi davamlı qaydada təşviq olunmuş və bu istiqamətdə mühüm layihə kimi Bakı və Gəncə şəhərlərində ailə təsərrüfatları məhsullarının satışını həyata keçirən müasir tipli “Naxçıvan məhsulları” mağazalar şəbəkəsi uğurla fəaliyyət başlayıb. Hazırda Bakı şəhərində əlavə iki ünvanda yeni mağazaların fəaliyyətə başlaması üçün son hazırlıq işləri aparılmaqdadır.
Qeyd olunub ki, 2018-ci il ərzində ümumilikdə standartların tələblərinə uyğun olmayan 29 min 811 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsul satışdan çıxarılıb. Agentliyin əsas fəaliyyət istiqaməti qismində istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işi xüsusilə diqqətdə saxlanılıb, ümumilikdə il ərzində məhsulların 1532 halda, o cümlədən qida məhsullarının 1428 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilib.
Məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasına yekun vuran Agentliyin direktoru Bəxtiyar İsmayılov 2019-cu ilin Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları” ili elan olunduğunu xatırladaraq bu istiqamətdə ailə təsərrüfatı ilə məşğul olan sahibkarlara Agentlik tərəfindən lazımı köməkliklərin göstərilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Vüsal Muradov