NUHÇIXAN xəbər verir ki, muxtar respublikada taksi xidməti ilə məşğul olan sürücülərin muzeylərlə tanışlığı davam edir. Onlar bu dəfə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.
Ekspozisiyaya baxan sürücülərə bildirilib ki, burada muxtar respublika ərazisində tapılan beş yüzdən artıq eksponat sərgilənir. Mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Bura gələn qonaqların diqqətini daha çox çəkən qədim xalçaçılıq nümunələri, saxsı qablar və milli geyimlər olub. Muzey bələdçisi vurğulayıb ki, keçən il buranı 130 mindən çox yerli və xarici qonaq ziyarət edib.
Qeyd edək ki, ekskursiyanın təşkil olunmasında məqsəd sürücülərin muxtar respublikada yerləşən turizm məkanları və tarixi abidələr ilə daha yaxından tanış olması və gələn turistlərə muzeylər haqqında ətraflı məlumat verməsindən ibarətdir.
Ərhan Novruzov