NUHÇIXAN xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclasda hava limanının direktoru Mənşur Gülməmmədli 2018-ci ildə görülən işlərdən və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan tapşırıqlardan danışıb.
Diqqətə çatdırılıb ki, ötən ildə Hava Limanı üçün ən vacib və səmərəli layihələrdən biri köhnə asfalt örtüklü uçuş-enmə zolağınının yenidən qurulması işlərinin başlaması olub. Layihəyə əsasən ehtiyat uçuş-enmə zolağı bütün avadanlıq və texniki təchizatla təmin olunacaq.
Qeyd olunub ki, enmə sistemləri, işıq-siqnal sistemi və digər qurğularla təmin olunması nəzərdə tutulan uçuş enmə zolağının 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulur. Aerovağzal kompleksinə 2 ədəd yeni ehtiyat TRANE markalı hava soyutmalı ÇILLER avadanlığı alınaraq quraşdırılıb. Hava Gəmilərinə xidmətin səviyyəsinin beynəlxalq tələblərə uyğunlaşması istiqamətində xüsusi avtonəqliyyat xidmətinə ən müasir və modern maşın-mexanizmlərinin alınıb istismara verilməsi prosesi 2018-ci ildə də davam etdirilib. Belə ki, 12 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınaraq istifadəyə verilib. Həmçinin o da qeyd edilib ki, şəxsi heyətin bilik səviyyəsini artırmaq üçün il ərzində müxtəlif kateqoriyalardan olan işçilər Milli Aviasiya Akademiyasının “Pilotların Hazırlıq Mərkəzi”ndə təşkil olunan kurslarda iştirak ediblər. Mənşur Gülməmmədli aviasiya təhlükəsizlik tədbirləri çərçivəsində Aerovağzal kompleksi binasının giriş-çıxış bölümünə müasir tələblərə cavab verən “üz tanıma” videokameralarının quraşdırılaraq istifadəyəverildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, yük daşımalarda keyfiyyətin yaxşılaşdırılması istiqamətində Karqo yük terminalında müasir avadanlıqlar quraşdırılıb, boşalan və yüklənməyə hazır olan yüklərin işi modernləşdirilib. Diqqətə çatdırılıb ki, 2018-ci ildə yerli hava xətti ilə 308 min sərnişin, 50 milyon 594 min 88 kiloqram baqaj, 960 min 854 kiloqram yük və 44 min 893 kiloqram poçt daşınması həyata keçirilib. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi ilə 4 min 255 sərnişin 76 min 46 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 3 min 816 sərnişin və 58 min 616 kiloqram baqaj daşınıb.
Vurğulanıb ki, hal-hazırda Şahbuz şəhərində inşa edilən 2 mərtəbədən ibarət aviakassa binası yaxın zamanlarda əhalinin istifadəsinə veriləcək.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Sonda Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli iclasa yekun vuraraq cari ildə görüləcək işlər barədə məlumat verib.
Rəmzi İbrahimov