Müstəqilliyin ərmağançısı…

A- A A+

Bəli, O, vətənimizə, xalqımıza müstəqilliyi ərmağan edən oğullardan idi. Gənc yaşlarından Vətən, torpaq üçün canını fəda edən xalqın Milli Qəhrəmanı adının daşıyıcısıdır.

Haqqında məlumat verəcəyim qəhrəman Famil İsgəndərovdur. Onun həyat yolu bu gün hər bir gəncimizə nümunədir. Xatirəsi xalqımız üçün əziz olan vətənin igid oğlunun bu gün doğum günüdür. Ömür yoluna nəzər saldıqca bütöv Vətənimizi, müstəqil dövlətimizi necə oğullar sayəsində qazanmışıq, - deyə bir daha düşünür, qürur duyuruq!

Murovdağın qəhrəmanlarından olan Famil İsgəndərov 1975-ci il may ayının 15-də Bakı şəhərində anadan olub. Orta təhsilini 157 saylı məktəbdə alan Famil çevikliyi və  çalışqanlığı ilə şagirdlərdən hər zaman seçilmiş, sinif əlaçısı olmuşdur. Onun ən çox sevdiyi dərslərdən biri hərbi dərsi idi. O, hər zaman hərbi vətənpərvərliklə bağlı keçirilən tədbirlərdə yaxından iştirak edirdi. Vətən sevgisini körpəlikdən qəlbində daşıyan Famil məktəbi bitirdikdən sonra bir müddət Gəmi Təmiri Zavodunda əmək fəaliyyəti ilə məşğul olur.

1993-cü ildə Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən əsgəri xidmətə çağrılan qəhrəmanımız, ilk öncə 6 ay Qusar rayonundakı hərbi hissədə təlim keçir. Həmin dövrdə torpaqlarımıza gözünü dikən mənfur qonşumuz ermənilərin hücumları səngimək bilmirdi. Günahsız, əliyalın vətəndaşlarımız durmadan atəşə məruz qalırdı. Bu vəziyyətlə razılaşmayan igid oğullarımız kimi Famil də silaha sarılaraq üz tutur döyüş bölgəsinə. O, Ağdərə və Tərtər bölgələrində gedən ağır döyüşlərdə iştirak edir. Murovdağ uğrunda qızğın döyüşlər zamanı düşməni tutduğu mövqedən çıxarmaq üçün igid oğullarımız böyük şücaət göstərir. Bu zaman bir neçə əsgərin yaralandığını görən Famil cəsarət göstərərək yoldaşlarını döyüş bölgəsindən çıxara bilir. Elə həmin an özü də ayağından ağır yaralanır. Vətənin igid oğlu hosbitala gətirilərək müalicə olunur. Tezliklə sağlığına qovuşan qəhrəmanımız xidmətinə Bakı şəhərində hərbi hissələrin birində davam edir.

Ölkədə baş verən qarma-qarışıqlıq, yeni qurulan müstəqil dövlətimizə qarşı hazırlanan məkirli qiyamlar bitmək bilmir. 1995-ci ilin mart hadisələri də bu qiyamlardan biri idi. Bir qrup qiyamçının dövləti devirmək arzusuna cavab verən vətənin igid oğulları bu günkü müstəqilliyimizin ərmağançıları oldular. Onlardan biri də  Famil İsgəndər oğlu İsgəndərov idi. Dövlətimizi qorumaq üçün böyük qəhrəmanlıq göstərən vətənin igid oğlu qiyamçılara verilən əks-cavab əməliyyatlarında iştirak edir. Yaralı döyüş yoldaşına kömək edən zaman baş nahiyəsindən yaralanan Famil şəhidlik məqamına yüksəlir. Qəhrəmanımız Bakı şəhər Şəhidlər xiyabanında dəfn olunur.

Subay olan vətən oğlu ölümündən sonra ölkə qarşısında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülür.

“İgid ölər adı qalar” - deyib atalarımız. Dövlətimiz qəhrəmanımızın adını təhsil aldığı 157 saylı və Dağıstan Respublikası Qasımkənd rayonunun Uluqadağ kəndindəki orta məktəblərə verərək əbədiləşdirmişdir. Eyni zamanda onun büstü 157 saylı məktəbin önündə ucaldılmış, yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Səriyyə Salahova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: