Nəşi 32 ildən sonra tapılan şəhid Yusif Ağayev dəfn edilib - FOTOLAR

A- A A+

Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Yusif Balasəf oğlu Ağayevdir.

NUHÇIXAN xəbər verir ki, mayın 15-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Yasamal rayonunda yerləşən İkinci Şəhidlər xiyabanına gətirilib.

Dəfn mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı oğlu Vüqar Ağayevə təqdim edilib.

Şəhidin qardaşı Asif Ağayev jurnalistlərə müsahibəsində deyib: “1991-ci ildə qardaşım Yusif ordu sıralarına getmiş və Malıbəyli, Nəbilər, Şuşanın kəndləri uğrunda gedən döyüşlərdə mərdlik göstərmişdi. 1992-ci il yanvarın 23-də onunla bərabər Azərbaycanın igid oğulları vertolyotla Şuşaya uçmuş və orada 2-3 gün təlim keçdikdən sonra yanvarın 25-dən 26-na keçən gecə Daşaltı kəndinin müdafiəsində iştirak etmişdilər. Qardaşım Yusif 1992-ci il yanvarın 26-da qəhrəmancasına şəhid oldu. O, Daşaltı uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. Qardaşımın nəşinin tapılması bizi 32 illik həsrətdən qurtardı. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə cansağlığı, bütün Azərbaycan əsgərlərinə hərbi xidmətlərində uğurlar arzulayıram”.

Qeyd edək ki, Yusif Ağayev 1959-cu il sentyabrın 12-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Yusif Ağayev 1992-ci il yanvarın 26-da şəhid olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: