İnsana doğulandan aşılanır vətənpərvərlik. Elə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovda yerindən və yurdundan, ailəsindən gördüyü mərdlik, igidlik xüsusiyyətini özünə amal seçərək böyümüşdü. O, bir evin Şahlarından bir elin Şahları olmuşdu… Qeyd edim ki, bu gün qəhrəmanımızın doğum günüdür.
Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonu, tanınmış söz-ziyalı adamları ilə bərabər, qəhrəman, igid oğulların da yurdudur. Şahlar Əvəz oğlu Şükürovda yurdunun cəsur, mərd, qorxmaz igidlərindən biri idi. O, dünyaya gözünü 1952-ci ilin may ayının 17-də Kəlbəcərin Zülfüqarlı kəndində açmışdı. Doğulduğu evdə ailəsinin təhsilə olan marağını görən Şahlar elmə, ədabiyyata böyük maraq göstərmişdir. İlk təhsilini doğulduğu kəndin orta məktəbində alan vətənin igid oğlu hər zaman yaşıdlarından fərqlənmiş, yüksək biliyə yiyələnmişdir. Məktəbi bitirib təhsilinə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olaraq davam edir. O, 1972-ci ildə institu bitirir. Həmin ili ordu sıralarına çağrılır. Əsgəri xidmətini başa vurduqdan sonra bir müddət Bakı şəhərində islah-əmək müəssisələrinin birində işləyir. Əmək fəaliyyətinə Ucar Rayon Daxili İşlər Şöbəsində davam edən Şahlar Şükürov ikinci təhsili Rostov Milis Akademiyasına qəbul olaraq alır. Təhsilini başa vurub Ucar Rayon Milis Şöbəsində əməliyyat rəisi vəzifəsində işə başlayır. Xidmətini yüksək səviyyədə edən qəhrəmanımız mayor rütbəsinə yüksələrək Zərdab Rayon Milis Şöbəsinə rəis müavini vəzifəsinə verilir. Xidməti dövründə ölkəmizdə olan qarışıqlıq, ermənilərin yersiz torpaq idaları, tez-tez dinc əhaliyə hücum etməsi vətənin igid oğlunu çox narahat edirdi. O, mütəmadi döyüş bölgələrinə gedər, torpaqlarımızın bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərdi. Şahlar vətənpərvərliyi və etdiyi xidmətləri ilə yerli əhalinin və döyüş yoldaşlarının böyük rəğbətini qazanmışdı. 1990-cı il iyul ayının 11-də xidməti vəzifələrini yerinə yetirən Şahlar avtomobili ilə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanını müşaiyət edirdi. Bu zaman erməni işğalçılarının hücumuna məruz qalaraq, düşmənlə qeyri-bərabər döyüşə qatılır. Gözlənilməz hücumun qarşısı alamağa çalışan qəhrəmanımız bir çox soydaşımızı düşmən gülləsindən xilas edə bilir. O, son nəfəsinəcən vuruşaraq ali məqama yüksəlir. Vətənin igid oğlu doğulduğu kəndin qəbiristanlığında dəfn edilir. Ailəli olan qəhrəmanımızın iki övladı ondan yadigar qalır.
Qeyd edək ki, dövlətimiz polis mayoru Şahlar Şükürovun igidliyini yüksək qiymətləndirərək ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Eyni zamanda qəhrəmanımızın adı Zərdab rayonunda yerləşən məktəblərin birinə və küçəyə verilib.
Nəzərə çatdırım ki, 30 ilə yaxın işğal altında qalan Kəlbəcər rayonu 2020-ci ildə 27 sentyabrla başlayan 44 günlük Vətən müharibəsi ilə azad olundu. İllər uzunu doğmalarına həsrət qalan torpaqlar kimi, doğmalarının ziyarətinə həsrət olan məzarlarda yatan uluların, igid və qəhrəman oğulların ruhları da artıq şaddır. Məhz qazanılan Azərbaycanın tarixi Qələbəsi xalqın təkcə torpağını deyil, həm də intizarda qalan ruhunu, namusunu, şərəfini qaytarmaqla qanı yerdə qalan igidlərimizin qisasını da aldı.
Səriyyə Salahova