Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Komitədə 2018-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirə olunduğu kollegiya iclası keçirilib. Tədbirdə komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi və daxili bazarın qorunması istiqamətində işlər davam etdirilib.
Vurğulanıb ki, dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarında xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb, Sədərək sərhəd keçid məntəqəsi üçün 18 hektara yaxın ərazidə beynəlxalq standartlara uyğun qurulan müasir gömrük kompleksinin inşası sürətləndirilib.
Qeyd olunub ki, il ərzində gömrük xidmətində iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi xüsusilə diqqətdə saxlanılıb. 2017-ci ilin dekabr ayında cənab Ali Məclis Sədrinin İran İslam Respublikasına rəsmi səfəri zamanı əldə olunmuş razılığa əsasən Culfa gömrük-sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib. Sutkalıq iş rejimi bu sərhəd-keçid məntəqəsindən yüklərin fasiləsiz keçidinin təmin olunmasına, xarici ticarət dövriyyəsinin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradıb.
Gömrük orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, rəsmiləşmə prosesinin sürətləndirilməsi, işdə şəffaflığın təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeni strukturu təsdiq olunub. İnkişaf etmiş dünya ölkələrinin praktikasına uyğun formalaşdırılan yeni strukturun gömrük xidmətinin daha səmərəli şəkildə idarə olunmasına imkan yaratdığı vurğulanıb.
Gömrük orqanları tərəfindən büdcənin formalaşdırılması istiqamətində 2018-ci il üçün müəyyən olunmuş 7 milyon 800 min manatlıq proqnoz-tapşırığa 120,24 % əməl olunub. Hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 10,86 %-ni təşkil edib.
Muxtar respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədrinin müavini xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 58 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi artıb. İxrac əməliyyatları əsasən Türkiyə Respublikası, İran İslam Respublikası, Gürcüstan, Rusiya Federasiyası, İraq və İtaliya ilə həyata keçirilib.
2018-ci ildə gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınmış 12 cinayət faktı üzrə ümumilikdə 208,1 kq heroin, 238,4 qram metanfetamin, 4,2 qram tiryək, 2,6 qram marixuana, 1,4 qram metadon, 0,5 qram tramadol, 0,04 qram klonazepam aşkarlanıb.
Muxtar respublika gömrük xidmətinin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti də uğurlu nəticələr verib. Belə ki, birgə həyata keçirilmiş 3 əməliyyat-axtarış tədbiri nəticəsində 38,4 qram həşiş qətranı, 17,9 qram tiryək, 9,5 qram marixuana, 100 ədəd psixotrop tərkibli dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb.
Ötən il psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xüsusilə diqqətdə saxlanılıb. Bu sahəyə tam nəzarət olunması üçün gömrük sərhəd buraxılış məntəqələrində mülki dövriyyəsi məhdudlaşdırılmış dərmanların elektron bazası formalaşdırılıb. Muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 62 min 251 ədəd psixotrop tərkibli dərman vasitəsi saxlanılıb.
İclasda vurğulanıb ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində də fəaliyyət davam etdirilib. Belə ki, yerli sahibkarların dəstəklənməsi üçün kənd təsərrüfatı məhsulları kütləvi çıxım dövründə analoji xarici malların təsirindən qorunub, yerli məhsulların bazar payı daim nəzarətdə saxlanılmaqla idxalın məhdudlaşdırılması həyata keçirilib.
Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunub, 877 halda ekspertiza həyata keçirilib. Ekspertizası aparılmış mallardan 88 ton ərzaq və qeyri-ərzaq məhsulunun mənşəyi məlum olmadığından, həmçinin keyfiyyət göstəriciləri, o cümlədən markalanması və qablaşdırılması normalara cavab vermədiyindən muxtar respublika ərazisinə buraxılmayıb. Daxili bazarın və istehlakçıların hüquqlarının qorunması, o cümlədən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına görə il ərzində ayrı-ayrı vətəndaşlardan saxlanılmış ümumi çəkisi 11 tondan artıq ərzaq məhsulu və digər mallar isə yandırma üsulu ilə məhv edilib.
Kollegiya iclasında Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin rəisi, gömrük xidməti mayoru İsmayıl Məmmədovun Dövlət Proqramlarının icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin səmərəliliyinin artırılması istiqamətində, Əməliyyat və təhqiqat şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Anar Hacıyevin hüquqpozmalara qarşı mübarizə sahəsində, Audit bölməsinin rəisi, gömrük xidməti mayoru Məmməd Adıgözəlovun aparılmış audit yoxlamalarının nəticələri və Naxçıvan Gömrük Ekspertizası İdarəsinin rəisi, gömrük xidməti mayoru Sərxan Abbasovun gömrük ekspertizası və ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı 2018-ci il ərzində görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib.