Qəlbinin hər vurğusu Vətən olan qəhrəman…

A- A A+

Hər zaman Vətən darda olanda, onu qorumaq üçün xalqımız ana torpaq deyib ayağa qalxıbdır. Vətənin müqəddəsliyi, məhz bu zamanlarda oğullarımızın igidliyi, şücaəti, göstərdiyi torpaq sevgisi ilə bilinib. Elə Kərəm Ərşad oğlu Mirzəyev də torpaqlarımızın yağılara verilməsinə göz yummayan, bu uğurda düşmənlə ölüm-dirim savaşına qatılıb, mərdlik, igidlik göstərən, yurd sevgisi ilə xalqın Milli Qəhrəmanı adını daşıyan qeyrətli oğullarından biri idi. Qeyrət, qəhrəmanlıq simvolu olan qəhrəmanımız hər kəsə nümunə olacaq bir ömür qət edib.

Bu gün xatirəmizdə yadd etdiyimiz vətənin igid oğlu Kərəm Mirzəyevin doğum günüdür. 1960-cı ilin may ayının 20-də Qubadlı rayonunun Xanlıq kəndində, Mirzəyevlər ailəsində dünyaya göz açıb Kərəm Mirzəyev. Orta təhsilini kənddə əla qiymətlərlə başa vuran Kərəm bir il rayonda Yol İstismar İdarəsində əmək fəaliyyəti ilə məşğul olub. Onun ali təhsil almaq arzusu 1978-ci ildə həyata keçib. Qəhrəmanımız Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun su qurğuları tikinti mühəndisi fakültəsinə qəbul olur. 1983-cü ildə təhsilini müvəffəqiyyətlə başa vuran Kərim Mirzəyev doğma yurdu Qubadlı rayonuna geri qayıdır. Həmin dövrdə əsgəri xidmətə çağrılan vətənin igid oğlu Arxangelsk və Murmansk şəhərlərində tank qoşun hissələrində hərbi xidmət edir. İki il sonra xidmətini başa vuran Kərəm beş ilə yaxın müddətdə 21 saylı Tikinti İdarəsində müxtəlif vəzifələrdə işləyir. Sonra öz arzusu ilə polis orqanlarında çalışmaq üçün müraciət edən Kərim Mirzəyev Qubadlı rayon Polis Şöbəsində sahə müvəkkili kimi işə qəbul edilir. Məsuliyyətli xidməti ilə hörmət qazanan vətənin igid oğluna çox keçmir ki, baş leytenant rütbəsi verilir. Qəhrəmanımız Daxili İşlər Nazirliyi tərəfindən Kalininqrad Ali Hüquq Akademiyasına göndərilir. O, ilk dəfədən fərq imtahanlarını müvəffəqiyyətlə verir. Buna görə akademiyanın ikinci kursuna qəbul edilərək təhsilinə davam edir. Həmin dövrdə Ermənistanın yaratdığı Dağlıq Qarabağ problemi bölgədə vəziyyəti olduqca ağırlaşdırmışdı. 1992-ci ilin əvvəlində silahlı hücumlara başlayan Ermənistanın ölkəmizə qarşı təcavüzü səngimək bilmirdi. Kərəm Mirzəyev də gərgin vəziyyətdən vətəni çıxarmaq üçün ilk günlərdən silaha sarılan igidlərdən oldu. O, doğma rayonu Qubadlının müdafiəsində igidlik göstərmiş, rayonun Novlu, Seytas, Yuxarı və Aşağı Cibikli, Əyin, Əliquluuşağı və başqa sərhəd kəndlərində gedən şiddətli döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Polis yoldaşları ilə birgə döyüşlərə atılan qəhrəmanımız Gorus rayonunun Şurnuxu kəndində yerləşən düşmənin beş strateji postunun sıradan çıxarılmasında şücaətlər göstərir. Onun idarəçiliyi ilə döyüşdə düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilir. Kərəm erməni quldurunun saysız-hesabsız  silah-sursatını ələ keçirir. O, 1ədəd BMP və BTR, 1 ədəd hərbi sursatla dolu “Zil” markalı yük maşınını ələ keçirərək daxili işlər şöbəsinə təhvil verir. "Laləzar" əməliyyatında da iştirak edən Kərəm bölüyü ilə birlikdə böyük qəhrəmanlıq göstərərək erməni quldurlarının başçısı Karenin dəstəsini məhv edir. Düşmən bu itkisi qarşısında Karenin cəsədinə 30 azərbaycanlı əsirə dəyişməyi təklif edir. Bu əməliyyatla 30 həmyerlimiz düşmən əsirliyindən azad olur.

Bir çox uğurlu əməliyyatlarda iştirak edən  qəhrəmanımız 1992-ci ilin oktyabr ayında Laçın rayonunun Mazutlu kəndində iki gün davam edən döyüşlərdə şücaətlər göstərib. Milli Ordumuzun əsgərlərinin igidliyi qarşısında düşmən geri çəkilməyə məcbur oldu. Bu məğlubiyyətlə barışmayan ermənilər əlavə qüvvə toplayaraq yenidən mövqelərimizə hücuma keçir. Gözlənilməz hücum nəticəsində polis əməkdaşlarımız mühasirəyə düşürlər. Kərəm yoldaşlarına geri çəkilməyi əmr edərək, çoxlu itki verməyin qarşısını alır. Özü isə bir polis yoldaşı ilə düşmən hücumunun qarşısını almağa çalışır. O, iş yoldaşlarından ibarət böyük bir dəstəni mühasirədən çıxarsa da, özünü düşmən gülləsindən qoruya bilmir. Kərəm Mirzəyev döyüşdə qəhrəmancasına şəhid olur. Vətənin igid oğlu doğulduğu kənddə dəfn olunur.

Bildirək ki, ailəli olan qəhrəmanımız bir oğul atası idi. Vətən qarşısındakı qəhrəmanlığı xalqımız, dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Mirzəyev Kərəm Ərşad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Oxuduğu tam orta məktəb onun adını daşıyır.

Vətən oğullarının xatirəsi hər nə qədər xalq üçün əziz olsa da, onların qanı yerdə qaldığı müddətdə qəlblərdə olan nisgil səngimək bilmirdi. Ancaq bu gün Qalib xalq olaraq, ürək açıqlığı ilə deyirik ki, ruhunuz şad olsun qəhrəmanlarımız! Qanınız yerdə qalmayıb, qisasınız düşmənlərdən alınıb. Haqq, ədalət artıq 4 ilə yaxın zamandır ki, öz yerini tutub. Müstəqil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü əbədilik bərpa edib.

Səriyyə Salahova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: