Süni intellekt: gələcəyə töhfə, yoxsa...

A- A A+

İnsan bir addım öndə... Həyətimizin bir az aşağısında geniş bağımız var, uşaqlığım demək olar ki, orada keçib. Oyunlar, oyun dostları, palçıqdan evlər, daşdan süfrələr, nə bilim daha nələr-nələr. Dırnaqlarımızın arası qap-qara palçıq olanadək, əhəmiyyət vermədən, oynamağa davam edərdik. Azca hava toralan kimi anam haraylayardı: - "a bala, gəlirsən?! Bax qaranlıq düşür, "uzaylılar" gələcək haa". Tez qorxub evə qaçardıq. Kim idi axı uzaylı? Bilmirdik, haqqında heç bir məlumatımız yox idi, amma uşaq ürəyi! Onların bizi yuxarı - səmaya doğru çəkib aparacağına inanardıq. Zehnimizdə o qədər canlandırmışdıq ki, hətta onlara ad da qoymuşduq, "tarelka robotlar"! Bütün günü onları təqlid edib, əylənər, qəribə hərəkətlərlə canlandırmağa çalışardıq, içimizdəki xəfif qorxu ilə, ya bizim evimizi, bizi ələ keçirərlərsə?! İllər bu minvalla ötüb keçdi, biz böyüdük, "tarelka robotlar" bizi səmaya çəkmədi. Amma, qorxulu yuxumuz, hansı ki, əsl adı ilə süni intellekt olan, "robotların dünyamızı ələ keçirmə ehtimalı" hələ də var, düşünülür. Vahiməli səslənir, elə deyilmi?! Günü-gündən inkişaf edən texnologiyanın dünyamızı sürətlə dəyişəcəyi proqnozlaşdırılır. Əvvəllər yalnız fabrik və zavodlarda işi asanlaşdırmaq məqsədilə yaradılmış robot texnikası bu gün süni intellekt olaraq inqilab etməyi bacarıb. Yüksək süni intellektin formalaşması gələcəkdə işsizlik probleminə də yol aça bilər. Müəssisədə bir neçə şəxsin işini bir robotun gördüyü halda insan əməyinə ehtiyac qalacaqmı? Təbii ki, yox. Bu isə işçilərin ixtisar edilməsinə yol açacaqdır. Demək olar ki, bizlər fərqində olmadan ağıllı robotlar az-az həyatımıza da sirayət edib və bizlər hər sahədə müasir texnologiyalardan istifadə edirik. İşlətdiyimiz ağıllı telefonlardan tutmuş, gündəlik rutin işlərimizin bir çox hissəsinədək süni intellektin məhsullarından bəhrələnirik. Belə olduğu halda ortaya bir sual çıxır, süni intellekt həyatımızdan emosional intellekti sıxışdırıb çıxaracaqmı? 1956-cı ildən bu günə kimi püxtələşə-püxtələşə yüksəliş dövründən keçərək, internet erasının başlaması ilə də heybətli və ehtişamlı inkişaf perioduna girən suni intellekt fərdi olaraq hər insanın gündəlik həyatına ehmalca girsə də, çoxumuz onun bəşəriyyəti necə fərqli bir şəkilə salacağından xəbərsizik. Bizlər hadisələri hələki tamaşaçı qismində izləyirik, elm dünyasının dahiləri, texnologiyanın qurdları isə inqilab üstünə inqilab edirlər. Onların inkişafı ilə insan intellektini hansı dəyişiklər gözlədiyi bizə yarı qaranlıqdır. Süni intellekti insanların hərəkətlərini öyrənmək və təqlid etmək üçün tələb olunan təbii zəkanın proqramlaşdırılmış maşınlarda simulyasiyası kimi də fikirləşmək olar. Əsas məqsədi insanlar tərəfindən görülə bilməyən, görülməsi çətin və ya çox vaxt aparan işlərin avtomatlaşdırılmasıdır. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində sürətlə istehsal olunan və demək olar ki, insanın haradasa bütün funksiyalarını icra etmək qabiliyyətində olan robotlar, istehsal sahəsində artıq yerini almaqdadır. Dünya miqyasında robotlar 2000-ci ildən etibarən təxminən 1,7 milyon insanı işsiz qoyub. Robot texnikasının inkişafı ilə hər gün yeni robotlar peyda olur, onların görünüşü və ya imkanları həqiqətən təəccüb doğurur. Məsələn, Səudiyyə Ərəbistanı vətəndaşı olan süni intellekt sahibi robot Sofiyanın 2018-ci il oktyabrın 23-də ölkəmizə gəlməsi və dövlətimizin başçısı İlham Əliyevlə söhbət etməsi, həmçinin müxtəlif yerlərdə görüşlər keçirməsi diqqət çəkir. Üz mimikaları, hərəkətləri insanı xatırlatsa da, bu o demək deyil, ki əsl insandır, o, insanın idarə etdiyi maşındır sadəcə. Süni intellekt hələ böyük gözləntiləri qarşılaya bilməsə də, öz inkişafında o da bizim kimi “uşaqlıqdan” yeni mərhələyə keçib, bir sıra tətbiqlərdə öz potensial gücünü tam isbatlaya bilib və ölkələr arasında rəqabət meydanına çevrilib. Nəticə etibarilə desək, şübhəsiz ki, yeni texnologiyalar “dəstədən geri qalanların” həyatını çətinləşdirəcək. Ancaq bütün bunlara təbii seleksiya kimi baxsaq, ortaya daha bacarıqlı insan növünün çıxmasının qarşısını heç bir vəchlə almaq mümkün olmayacaq. Çünki gələcək çox tez gələcək və elmlə gələcək! Onların bizə xeyrindən çox ziyanı olsa da, qorxmaq əvəzinə optimist bir gələcəyə hazırlaşmaq lazımdır. Hadisələr, təfəkkür inkişaf edir. Belə ki, robotlar nə qədər inkişaf etsə də, şüurlu insana çata bilməzlər. Onlar maşındır, insan isə... Tanrı insanı mükəmməl yaradıb. Robotları isə insan yaradır. Əlbəttə, fərq çoxdur, insanın yaratdığı tanrının yaratdığı ilə müqayisə oluna bilməz. Bu mənada insanı əvəz etmək mümkün deyil. O, haçansa kamil şəkildə özünü yaradacaqsa, mənə elə gəlir ki, o zaman dünyanın sonu olacaq. Xülasə, Bəxtiyar Vahabzadə bir şeirində deyir: "Qorxuram dünyada bir zaman gələ, insanlar yaşaya, insanlıq ölə". Məncə qorxulu olan insanın robot yaratması deyil, insanların robotlaşmasıdır.

Səma Hüseynova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: