AMEA Naxçıvan Bölməsi ötən il mühüm nailiyyətlər əldə edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında verilən tapşırıqların icrası və qarşıda duran vəzifələrlə əlaqədər AMEA Naxçıvan Bölməsində kollegiya iclası keçirilib.
İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 2018- ci ildə bölmənin tərkibindəki elmi qurumlarda təsdiq edilmiş plana uyğun olaraq 83 mərhələ üzrə tədqiqatlar tamamlanıb və 11 mühüm elmi nəticə əldə olunub. Bölmə əməkdaşları 2018-ci ildə Naxçıvanda aparılan beynəlxalq arxeoloji ekspedisiyada, iyun-iyul aylarında Naxçıvan şəhəri yaxınlığında yerləşən Naxçıvan təpə yaşayış yerində və Duzdağda aparılan arxeoloji qazıntılarda iştirak ediblər.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin təsdiq etdiyi İş planı əsasında “Naxçıvan coğrafiyası” monoqrafiyasının ikinci cildi çap olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına əsasən Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasını təmin etmək məqsədilə AMEA Naxçıvan Bölməsində “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupu yaradılıb. Abidə ilə bağlı materiallar hazırlanıb, ingilis və rus dillərinə tərcümə edilib. Tarixi abidə haqqında kitab hazırlanıb və çap olunub.
Vurğulanıb ki, 2018-ci ildə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 23 monoqrafiyası, 15 kitabı, 4 kitabçası, 3 metodik vəsaiti, 555 elmi məqaləsi, 213 konfrans materialı, 7 tezisi olmaqla820 elmi əsəri nəşr edilib. Əsərlərdən 2 monoqrafiya, 87 elmi məqalə, 75 konfrans materialı və 3 tezis olmaqla 167-si xaricdə çapdan çıxıb. Elmi məqalələrdən 48-i impakt faktorlu jurnallarda çap olunub. Tədqiqat dövründə 6 monoqrafiya və 229 məqalə çapa təqdim olunub.
İsmayıl Hacıyev qeyd edib ki, hesabat dövründə Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları tərəfindən “Şorsu” palçığının kimyəvi tərkibi analiz edilib, palçığın qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, iki növdə müalicəvi dərman məhsulları qablaşdırılaraq istifadəyə verilib.
2018-ci ildə AMEA Naxçıvan Bölməsində 2 respublika səviyyəli qrant layihəsinin icrası başa çatıb və hesabat Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilib.Bölmə əməkdaşlarının təqdim etdiyi 1-i beynəlxalq olmaqla 3 qrant layihəsi qalib olub.Bölmədə 1 beynəlxalq, 13elmi konfrans, 9 iclas və tədbir,46 seminar keçirilib. Bölmədə 13 kitab və monoqrafiyanın təqdimatı, Oxunması zəruri olan 10 kitabın müzakirəsi aparılıb.
Bölmənin elektron portalına mühüm hadisələr, maraqlı məlumat, müdafiə edən əməkdaşlar, keçirilən tədbirlərlə əlaqədar məlumatlar əlavə edilib, Batabat AstrofizikaRəsədxanasının saytı hazırlanıb istifadəyə verilib.
Vurğulanıb ki, AMEA Naxçıvan Bölməsinin 12 nəfər elmi əməkdaşı interaktiv dərs aparıb ki, həmin dərsləri muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri dinləyiblər.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev işdə yol verilmiş nöqsanlara da toxunub, onların aradan qaldırılması üçün tapşırıqlar verib. Qeyd edib ki, 2019-cu ildə kadrlarla komplektləşdirmə işi, eləcə də elmi-tədqiqat müəssisələrində tətbiqyönlü işlər gücləndirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, 2019-ci ildə qarşıda duran vəzifələrdən danışıblar.
İclasa İsmayıl Hacıyev yekun vuraraq bildirib ki, AMEA Naxçıvan Bölməsi bundan sonrakı fəaliyyətini beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələrin icrası istiqamətində quracaq.
Sonda 2019-cu ilə dair İş Planı təsdiq olunub.
Mədinə Rəhimli