Həmişə aqillərin sözünə ehtiyac duymuş, ağsaqqal nəsihəti ilə durub-oturmuşuq. “Məsləhətli don gen olar” deyib babalarımız. Onlar yaşayıb görüblər, yaşadıqları həyat hadisələrini ümumiləşdirərək ondan ibrətamiz nəticə çıxarıblar. Həyatın elə bir sahəsi yoxdur ki, o haqda ibrətamiz fikirlər söylənməsin. İş, zəhmət, dostluq, xeyirxahlıq, ədəb-ərkan, böyüklərə ehtiram haqqında o qədər hikmətli fikirlərimiz var ki, deməklə qurtarmaz.
Arxalıya arxa olma deyərlər ki, yamaqdır, arxasıza arxa ol ki, qoy desinlər dayaqdır – deyən xeyirxah babalarımız haqqı nahaqqa verməyiblər. Birinin haqqının başqası tərəfindən tapdanmasını istəməyiblər. Haqlının yanında olub onun müdafiəsini önə çəkiblər. Varı, imkanı olanı dəstəkləmək yaltaqlıq sayılıb. Varlı elə bilir ki, həyatda yaşamaq üçün lazım olanların hamısı onda var. Ancaq onu unudur ki, insanlıq həyatda hər şeydən üstündür. Arxası olmayan, dəbdəbəli həyat sürməyən, öz əlinin zəhməti, alnının təri ilə yaşayanların arxasında durmaq lazımdır. Ətrafdakıların adi bir sözü də insana qüvvət verir, onu həyata bağlayır. Nahaq yerə deyilməyib: Adamı dindir, sonra qiymətini ver. Kənardan baxılaraq verilən qiymət çox vaxt aldadıcı olur. Çalışmaq lazımdır ki, insanın başqaları ilə münasibətini ön plana çəkəsən, ətrafdakılarla rəftarına diqqət edəsən. Adi bir məclisdə, ailə daxilində edilən hərəkət onun necə adam olduğunu sübut edir. Səsin tonu, uşaqla, böyüklə danışıq tərzi hər kəsin xarakterindən xəbər verir. Başqaları haqqında qeybət edən, dedi-qodu yaradan adamlar yaxşı adam deyillər. Birinin haqqında pis fikirlər danışan sabah sənin də haqqında danışacaq.
Həyatda insana məxsus olan xüsusiyyətlər o qədər çoxdur ki, onları sadalamaqla qurtarmaz. Elə şeylər var ki, insan onu itirəndə özünü də itirmiş olur. Yaxşılıq, ümid, dürüstlük heç vaxt yaddan çıxmaz. “Dünya mənim deyənin dünən gəldik yasından” deyən babalarımız insanın özündən razı qalmasını yaxşı əlamət saymayıblar. Hər şeyin əvvəli və sonu olduğu kimi insan həyatının da sonu var. Ona görə də elə yaşamalıyıq ki, bu dünyadan köçüb gedəndə də etdiyimiz yaxşılıqlarla xatırlanaq.
Dünyanın hər üzünü görən atalarımızın hər sözü ibrətdir. Həyatda pis gündə tək qalanların puç olmuş ümidlərinin itdiyinin şahidi olan aqillər o qədər müdrik olublar ki, onların söylədikləri həmişə lazımlı, gərəkli olub. “Dost var ağıllı başa gələr, dost var yağlı aşa gələr” atalar sözü dostluq haqqında söylənilmiş ən gözəl fikirdir. Əqidəcə, xasiyyətcə bir-birinə yaxın olanların dostluğu o qədər möhkəmdir ki, çətin zamanda onlar bir-birlərinə arxa dayaq olublar. İnsanın ruhunda olmalıdır vətənə məhəbbət, el-obaya sevgi. Yaxşı gündə dost olub, pis gündə qaçanlara yaxşı dost deməyin mənası yoxdur. İnsan öz şərəf və ləyaqətini uca tutmalıdır. Həyat yalançı, yaltaq, ikiüzlü adamları xoşlamır. Biz gözümüzü açanda evlərimizdə böyüklərin həmişə nəsihətini dinləmişik, heç vaxt pis əməl sahibinin tərifləndiyini eşitməmişik. Qaraca Çobanın hərəkətini Qazan xan üçün sədaqət rəmzi saymışıq. Əgər Şirin ağıllı qadın olmasaydı, Xosrov həyatda mənasız ömür sürən bir şah olardı. “Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan yaxşıdır" deyən Babək sərbəst, müstəqil yaşamağın şirinliyini hələ IX əsrdə bütün dünyaya sübut edib.
Əməyimizin nəticəsi, çəkdiyimiz zəhmətin barı olan şagirdləri həyata elə hazırlamalıyıq ki, onlar çətinliyə düşəndə hikmətli sözlərdən istifadə edərək öz həyatlarını irəli aparmağı bacarsınlar. Babalardan bizə miras qalan zəngin bilik xəzinəsini özlərinə yol yoldaşı saysınlar. Elimizin, obamızın söz çələngi onların zəkalarına qüvvət, yollarına nur versin.
Tərlan Nəcəfova
Ərəfsə kənd tam orta məktəbinin müəllimi
“Arazın səsi” qəzeti