Meyvə – tərəvəz qabıqlarının faydaları haqqında çox danışılır. Düzdür bunlardan bir çoxunun qabığını soymadan yemək olar. Ancaq nar, soğan, sarımsaq, badımcan, limon, portağal, kivi, banan və bir çox bu kimi meyvə – tərəvəzi qabıqlı yeməyin mümkün olmadığını hər kəs bilir. O zaman “vitamin deposu” adlandırılan meyvə–tərəvəz qabıqlarından faydalanmaq üçün aşağıdakı qaydalardan istifadə etmək olar.
Nar qabığı bağırsağın qurdlardan, parazitlərdən təmizlənməsində faydalıdır. Qabıqlar yuyulub, qurudulub və blenderdən keçirildikdən sonra istifadə olunur. Nar qabığı tozu həzm sistemi və bağırsaq xəstəliklərində müalicəedici təsirə malikdir. Qabığın içindəki pərdələri qaynadıb çay kimi içmək də xeyirlidir.
Alma qabığı içindəki potasyum və yüksək faizli lif ilə həzm sisteminə kömək edir. Həkimlər və elm adamları qəbizlikdən əziyyət çəkənlərə almanı qabıqlı yeməyi xüsusi olaraq məsləhət görürlər. Davamlı olaraq yeyilən alma sayəsində bədəndəki pis xolesterolun faizi aşağı düşür, yaxşı xolesterolun faizi isə 4 qat artır. Bundan başqa qabıqlı yeyilən alma bir növ dişləri təmizləyir, diş minalarını masaj edir, damağı və diş diblərini sıxlaşdırır.
Limon qabığı C vitamini ilə zəngindir və bu xüsusiyyəti ilə ətli hissəsindən daha faydalı olduğu söylənilir. Limon qabığındakı maddələr dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır. Ürəyi rahatladan limon qabığı, eyni zamanda sinir sistemini sakitləşdirir, bakteriyaları öldürür.
Kartof qabığı qaynar suda yarım saat saxlandıqdan sonra saçlar həmin su ilə yuyulsa par-par parlayacaq. Bu nəticəni əldə etmək üçün saçı yuyub qurtardıqdan sonra kartof suyu ilə yaxalamaq lazımdır. Çünki tərkibindəki nişasta saçlarda olan yağı götürür və saç parlayır. Ayrıca qaynadılmış kartof qabığı suyunda stəkan, boşqab, nəlbəki və bu kimi qablar bir dəfə belə çalxalansa onların parlaqlağı artacaq. Kartof soyularaq bişirildiyi zaman tərkibindəki vitaminin xeyli hissəsini itirir. Buna görə də soymaq əvəzinə bıçaqla üzdən yavaşca qaşınması məsləhət görülür. Suda və közdə bişirilən kartof daha çox xeyirlidi. Kartofun qabığını üzə sürtməklə təbii pudra effekti də almaq olur.
Badımcan qabığı beyin hüceyrələrinin zədələnməsinin qarşısını alan antitoksinlərlə zəngindir. İçindəki potasyum sayəsində immun sistemini gücləndirən maqnezium və lif vardır.
Heyva qabığı sidik yolu iltihablarını aradan qaldırır. Eyni zamanda iştaha da açan heyva qabığı böyrək və sidik kisəsi iltihablarını da sağaldır.
Soğan qabığı əsl dezinfeksiyaedicidir. Xüsusilə, dırnaq göbələyinin dərmanıdır. Soğan qabıqlarını suda pörtlədərək əl və ayaqları bir müddət həmin suda saxlamaq lazımdır. Bundan başqa qabıqları suda bişirib horra halına saldıqdan sonra ayaqdakı urların üstünə qoyulsa şişlər təmizlənir, yox olub gedir.
Sarımsaq qabığı kabab bişirməkdə çox işə yarayır. Ətləri şişə taxdıqdan sonra sarımsaq və soğan qabığını üstünə səpmək lazımdır, qoxusu kababın dadını qat-qat yaxşılaşdıracaqdır.
Hazırladı:
Zülfiyyə Həsənova
“Oğuz yurdu” qəzeti