Bir aya yaxındır ki, qış fəsli öz sərt üzünü göstərməyə başlayıb. Bununla əlaqədar yollarımızda hərəkət edən həm sürücülərimizin, həm müəllimlərin, həm də məktəblilərin üzərinə mühüm vəzifələr düşür. İntizamlı piyada olmaq üçün hər şeydən əvvəl uşaqlarda təhlükə haqqında təsəvvür yaradılmalıdır. Bədbəxt hadisənin nə demək olduğunu bilməyən uşaq diqqətsizliyin nə ilə nəticələnəcəyini təsəvvür edə bilmir. O, zənn edir ki, ən son anda hərəkət edən nəqliyyatın qabağından qaçıb keçə bilər. Yaxud ona elə gəlir ki, sürücü istədiyi anda nəqliyyatı dayandıra və ya piyadanın yanından keçə bilər. Uşağa küçədə nəqliyyatla əlaqədar baş vermiş hadisələrdən söhbət açdıqda o qorxur, buna oxşar hadisə ilə rastlaşmamaq üçün intizamlı və məsuliyyətli olmağa çalışır. O dərk etməyə başlayır ki, yolun hərəkət hissəsində avtomobil, motosiklet, traktor, velosiped və at arabası hərəkət edərsə, onların qarşısına çıxmaq çox təhlükəlidir. Saatda 20 kilometrdən yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsi insana ciddi bədən xəsarəti yetirə bilər. Deməli bütün piyadalar kimi məktəblilər də, küçədə səki ilə və ya onlar üçün ayrılmış yol ilə, şəhərdənkənar yollarda isə yolun sol kənarı ilə hərəkət etməlidirlər.
Uşaqların dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşaiyyəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yolun çiyni ilə aparılmasına icazə verilir. Bütün piyadalar kimi məktəblilər də küçəni, yaxud yolu keçmək üçün yalnız bu məqsədlə ayrılmış xüsusi yerlərdən, körpülərdən, yeraltı və yerüstü keçidlərdən, göstəricilərlə, yol nişanları ilə və ya xətlərlə ayrılmış piyada keçidlərindən keçməlidirlər. Görünmə zonasında piyada keçidi və ya yolayrıcı olmadıqda, yolun hərəkət hissəsini ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə çəpinə deyil, düzünə keçmək lazımdır. Əgər piyada keçidində nizamlayıcı yoxdursa, məktəblilər yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə qədər olan məsafəni, onların sürətini qiymətləndirməli və bu halda yolu keçməyin təhlükəsiz olduğunu yəqin etdikdən sonra yolun hərəkət hissəsinə çıxaraq onu keçməlidirlər. Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl piyada sol tərəfə baxıb, nəqliyyatın yaxınlaşmadığını yəqin etməli, yalnız bundan sonra yolun hərəkət hissəsinə çıxaraq onu ortaya qədər keçməli, sonra sağ tərəfə baxmalıdır. Sağ tərəfdən nəqliyyatın yaxınlaşmadığını yəqin etdikdən sonra yol keçilməlidir.
Sədi Əliyev
Ordubad Rayon DYP-nin əməkdaşı
“El həyatı” qəzeti