Naxçıvanda taksi sürücüləri üçün təlimlərə başlanılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi muxtar respublikada avtomobil nəqliyyatı sahəsində sərnişindaşıma və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sərnişin və yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirir.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada ilk dəfə olaraq taksi minik avtomobil sürücüləri üçün etik davranış qaydalarına aid xüsusi təlimlərə başlanılıb.
Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə keçirilən təlimlər hər qrupda 25 nəfər olmaqla Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində keçirilir.
Tədris zamanı iştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları haqqında ətraflı məlumatlar verilir, habelə yol hərəkəti qaydalarını özündə əks etdirən praktiki məşğələlər keçirilir.
Qeyd edək ki, təlimlər “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”na uyğun olaraq təşkil olunur. Tədris müddəti gündəlik 2 növbəli olmaqla 5 gün davam edəcəkdir. İmtahandan müvəffəqiyyətlə keçən sürücülər müvafiq şəhadətnamələrlə təmin ediləcəkdir.