1991-ci ilin əvvəllərindən başlayaraq Qarabağ torpaqlarının günbəgün işğal edilməsi, dinc əhalinin öz doğma dədə-baba yurdundan zorla çıxarılmaları, dövlət rəhbərlərinin səriştəsizliyi, xalqın həm faciəsinə, həm də uzun illər yurd, torpaq həsrətini çəkməsinə səbəb oldu. Bütün bunlara şahid olan xalqımız həmvətənlərinin ağrısını qəlbində yaşadaraq, onların dərdini öz dərdi bilib, “bu haqsızlığa boyun əymək olmaz”, - dedi. Belə ailələrdən biri də Naxçıvan şəhərində yaşayan Abdullayevlər ailəsi idi. Körpəliyindən ata-anasından xalqının başına gətirilən müsibətləri eşidən Babək Allahverdiyev atasının qələmə aldığı şeir bəndini dilinin əzbəri, arzu-istəyinə məqsəd edərək özünə yol seçir.
Düşmən alçaq, nanəcib, düşmən xain, xəbisdir.
Sülh danışıqları, bir şey deyil əbəsdir,
Nə qədər dözmək olar, dözdüyümüz ta bəsdir,
Dur qardaşım, dur gedək, indi hünər vaxtıdır,
Oyan millətim oyan, indi zəfər vaxtıdır.
Yaddaşında bu şeir parçasını saxlayan, bir an belə unutmayan vətənin igid oğlu Babək Allahverdiyev: “Şuşanı da azad edib evə, 10 noyabra geri qayıdacayam” deyir...
Bildirim ki, vətənpərvər, igid ruhlu, şəhidimiz Babək Allahverdiyevin bu gün doğum günüdür. Naxçıvan şəhərində 1979-cu ildə may ayının 30-da anadan olan qəhrəmanımız orta təhsilini burada 8-ci sinfə kimi oxuyur. Uşaqlıq arzusu olan hərb sənətinə yiyələnmək üçün yolunu Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi liseydən salır. Tezliklə hərbi sirləri dərindən öyrənib, kursantlar arasında seçilən Babək sonra təhsilinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam edir. Sevdiyi fənnlər içərisində tarix dərsliyini daha çox oxuyan Babək Allahverdiyev, tarix boyu düşmənçiliyindən əl çəkməyən ermənilərə layiqli cavab veriləsi günü gözləyərək yaşayır. Leytenant olaraq vətənə xidmətə başlayan qəhrəmanımız vətənpərvərliyi, məsuliyyəti, nizam-intizamı ilə hörmət qazanan zabit olur. Torpağı, vətəni, xalqı, üstün bilib, müqəddəs sayan qəhrəmanımızın ən böyük arzusu işğal altında qalan torpaqlarımızı azad etmək idi. Bu istəklə yaşayan Babək dilindən düşməyən “biz necə olur-olsun torpaqlarımızı azad edəcəyik” kəlməsi ilə Ali Baş Komandanın əmrini gözləyir. 2020-ci il 27 sentyabrda gözlədiyi əmri alan kəşfiyyatçı komandir Babək Allahverdiyev tezliklə döyüşə ön sıralarda gedənlər arasında yer tutur. Onun döyüş yolu Füzulidən başlayaraq Şuşaya qədər uzanır. Son döyüşü Şuşa istiqamətində olan vətənin igid oğlu şəhərə girmək üçün ilk yol açanlardan biri olur. Çətin və ağır şəraitdə düşmənlə üz-üzə dayanan Babək Allahverdiyev noyabr ayının 4-ü şəhidlik zirvəsinə yüksəlir. Şəhidimiz Bakı şəhər II şəhidlər xiyabanında dəfn olunur.
Qeyd edim ki, şəhid baş leytenant Allahverdiyev Babək Bəxtiyar oğlu ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və döyüş zamanı şəxsi igidlik, qəhrəmanlıq göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ruhun şad olsun, Vətən oğlu! Ən böyük arzunu - Şuşanı Müzəffər Ordumuz işğaldan azad edərək şəhidlərimizin qanını yerdə qoymadı. Düşməni dədə-baba torpaqlarımızdan təmizləyib, üçrəngli bayrağımızı bütün Qarabağ torpaqlarının hər bir zirvəsində dalğalandırdı.
İndi azad olunan bütün torpaqlarımıza öz əzəli insanı, yurddaşı geri qayıdır, sənin kimi vətənin igid oğullarının onlara bəxş etdiyi sevinci yaşayır…
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı