“Wikipedia”da “Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi” adlı özbək dilində bölmə istifadəyə verilib
“Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında “Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“ adlı özbək dilində bölmə istifadəyə verilib.
Azərbaycanın təbliği və ölkəmiz haqqında dünya ictimaiyyətinin obyektiv informasiya təminatını həyata keçirmək məqsədilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyası üzrə Azərbaycana dair özbək dilində bölmələrin yaradılması işi davam etdirilir.
NUHÇIXAN xəbər verir ki, artıq ölkəmizə dair özbək dilində yüzlərlə yeni bölmələr yaradılıb və istifadəçilərə təqdim olunub.
Kəlağayı bölməsində Azərbaycanda ənənəvi qadın baş geyimi olan kəlağayının tarixi, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın kəlağayı sənətinin 2014-ci ilin noyabrında UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilməsi və s. barədə məlumatlar verilir.
Ölkəmizdə ipəkçiliyin tarixi, onun inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının bu barədə fikirlərinin də yer aldığı məlumat bazasında ipəkçiliyin Azərbaycanda qədim xalq sənətinin bir sahəsi olduğu qeyd edilir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın Şamaxı, Qarabağ, Şəki, Gəncə, Naxçıvan kimi bölgələrindən xam ipəyin geniş ixrac edildiyi, XIX əsrin 30-50-ci illərində Rusiya imperiyasında Qafqaz üzrə hazır ipək məhsullarının 85 faizinin məhz Azərbaycanda istehsal olunduğu xüsusi vurğulanır.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə özbək dilində kəlağayı ilə bağlı bölmənin istifadəyə verilməsi bu istiqamətdə tədqiqat aparan mütəxəssislər üçün əvəzsiz informasiya mənbəyi olacaq.
Qeyd edək ki, "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında yaradılmış özbək dilində “Kelag‘ayi” adlı bölmə ilə https://uz.wikipedia.org/wiki/Kelag%E2%80%98ayi?fbclid=IwAR2rGOB-Jk8AN1OXo12r8eQ-nWXh_ar2I8hVmkwcZJXA5bueyIIYqrEZ1Ac linkdə tanış olmaq mümkündür.