Bəli, o, yurdunun təsibini çəkən, el-oba qədri bilən, vətəninin hər bir yerini qarış-qarış gəzib, daşına-torpağına bələd olan qəhrəman idi. 32 yaşlı gənc olmasına baxmayaraq Xocalının bütün əhalisi ona dərin hörmət, sevgi bəsləyirdi. Çünki o, vətənpərvərliyi, igidliyi ilə bu məhəbbəti qazana bilən oğul olmuşdu.
Bildirim ki, haqqında qeyd etdiyim bu müsbət xüsusiyyətlər Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimova məxsusdur. Xocalı şəhərində 1960-cı ilin 1 iyununda dünyaya göz açan Araz orta təhsilini səkkizinci sinfə qədər oxuyur. Sonra texniki-peşə məktəbində traktorçu peşəsinə yiyələnir. İki il hərbi xidmətdə olan qəhrəmanımız 1980-ci ildə Xocalıya qayıdaraq əmək fəaliyyəti ilə məşğul olur. 1988-ci ildən Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş başlayan müharibəyə Araz Səlimovda etirazını bildirir. O, vətənini müdafiə etmək üçün silaha sarılıb düşmənə divan tutur. Vətənin igid oğlu mənfur düşmənin xislətinə bələd idi. O, hər zaman deyirdi: “biz ölməyə yox, öldürməyə gedirik. Elə bir düşmənlə üz-üzəyik ki, onlara zərrə qədər də güzəşt edə bilmərik”. Ona görə yurdunu qorumaq üçün əlindən gələni əsirgəmirdi. 1990-cı illərdən könüllü Xocalı özünümüdafiə batalyonuna qatılaraq pulemyotçu kimi düşmən təxribatlarının qarşısını alaraq onları geri çəkilməyə məcbur edirdi. Bir çox döyüş əməliyyatlarında igidliyi ilə fərqlənərək ermənilərə çoxlu itki verən Araz Səlimov artıq düşmənin ürəyinə qorxu salan döyüşçü olmuşdu.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya qəfil hücuma kecən ermənilərin yerli əhaliyə etdiyi vəşiliyin qarşısını almağa çalışan Araz Səlimov həmin gün onlarla qız-gəlini, uşaq və qocanı düşmən quldurlarının əlindən xilas edir. Qeyri-bərabər döyüşdə erməni vandallarına zərbələr endirən Araz düşmənin qəzəbinə səbəb olur. Qəhrəmanımızın izinə düşüb pusuya salmaq üçün düşmən xain yola əl atır. Əsgəranda Araz, atası və qardaşı ilə birgə hücuma məruz qalır. Son damla qanına kimi düşmənə təslim olmayan vətənin igid oğlu qəhrəmancasına həlak olur. Qəhrəmanımız Ağdam şəhərinin Şəhidlər xiyabanında dəfn olunur. Faciə gecəsi Araz Səlimovun ailəsindən həyat yoldaşı, bir oğlu və iki qızı sağ qalır.
Qeyd edim ki, vətən torpaqlarının müdafiəsində göstərdiyi igidliyə görə Səlimov Araz Bahadur oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.
Qəlbi vətən üçün döyünən yurdunun qəhrəman oğlu, ruhun şad olsun! Dilinin əzbəri olan - “düşmənə güzşət olmaz” sözlərin dörd il öncə Şanlı Ordumuzun məqsədinə dönüşdü. Torpaqlarımızı işğaldan azad edərkən düşmənə heç bir güzəşt edilmədi. Quldurlar-qəsbkarlar layiqli cəzalarını aldılar! Onlara illər öncə verilməli cavabı igid-qəhrəman oğullarımız 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində verdi. Axıdılan zərrə-zərrə qanınızın qisası düşmənlərdən alındı. Məzarınızda rahat uyuyun, qisasınız qiyamətə qalmadı!
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı