“Vətəni vətən oğlu qoruyar”

A- A A+

Qəhrəman ruhlu, mərd ürəkli olmaq, demək ki, insana uşaqlığından aşılanır. Haqqında məlumat verəcəyim bugünkü yazımın qəhrəmanı, hələ X sinif şagirdi olarkən öz inşa yazısında qəlbindəki vətən sevgisini qələmə almışdı. Onun hər bir cümləsində vətənə məhəbbətini sidq ürəklə bildirən, sadiq, vətənpərvər, qürurlu, qeyrətli bir gənc görməmək mümkün deyil. Həqiqətən də o, nəyin ki, sözləri ilə, həm də əməli ilə, bu gün hər kəsə nümunə olacaq addım atıb. Müstəqilliyimizin qoruyucusu, bizlərə gözəl gələcək bəxş edən qəhrəman olub. Azərbaycan xalqının Milli Qəhrəmanı adını qazanacağını Novruz Qurbanov bəlkə də, qəlbən hiss edərək yazısında bu cümlələri işlətmişdi: "Vətəni Vətən oğlu qoruyar. Mən fəal həyat mövqeyi tutacaq, xalqıma layiq bir övlad olacaq, torpağımı sidq ürəklə sevəcək, çoxlarına örnək olacağam".

Qeyd edim ki, 1995-ci il mart hadisələri ölkəmizin müstəqilliyinə qara kölgə salmaq üçün planlaşdırılmış bir qarşıdurma idi. Bir qrup qiyamçı hər nə qədər də buna cəhdlər göstərsə də, qeyrətli oğullarımız azad, inkişaf edən vətənimiz olsun deyə, qiyamın qarşısını alarkən bu uğurda canlarını belə fəda etməkdən çəkinmədilər. Belə oğullardan biri idi, Novruz Qurbanov. Qəhrəmanımız qısa ömür yaşasa da, həyatını qurban verərək vətənimizə müstəqillliyi ərmağan edənlərdən oldu. O, 1975-ci il iyunun 2-də Ağstafa rayonunun Yuxarı Göycəli kəndində dünyaya göz açmışdı. Cəmi 20 il ömür yaşadı. Vətəni qorumaq üçün öhtəsinə nə düşmüşdüsə, bütün vəzifə borcunu layiqi ilə yerinə yetirib həyatla vidalaşdı. 1993-cü ildə hərbi xidmətə çağrılan vətənin igid oğlu bu vəzifəni də layiqincə yerinə yetirdi. 1995-ci il 17 mart hadisələri zamanı qiyamın qarşısını alarkən qarşı tərəfin gülləsinə tuş gəldi. Və əbədi gözünü yumsa da, xalqın qəhrəmanı olaraq qəlblərdə əbədi yaşarlıq qazandı. Subay olan vətənin igid oğlu doğulduğu kənddə dəfn olundu.

Bildirim ki, qəhrəmanımızın müstəqilliyimiz uğrunda göstərdiyi igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. “Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülərək, doğulduğu kəndə büstü qoyuldu.

“Vətəni vətən oğlu qoruyar”, -deyən xalqın igid oğlu, ruhun şad olsun! Sizin kimi oğullar sayəsində Ulu Öndərimizin sözləri ilə desək: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: