Dünya Səhiyyə Təşkilatı (DST) xatırladır ki, yediyimiz qidalar orqanizmimizin infeksiya və xəstəliklərə davam gətirmək qabiliyyətinə təsir göstərir. DST bol çeşidli qidalar yeməyi tövsiyə edir. İnsan orqanizmi görünməmiş mürəkkəb sistemdir. Onu bütün qidalı maddələrlə təmin etmək üçün rasionumuza çoxlu təzə və faydalı məhsullar daxil etməliyik.
DST ekspertləri hesab edirlər ki, sağlam qidalanma diabetin qarşısını alır. NUHÇIXAN DST-nin praktiki məsləhətlərini oxuculara təklif edir.
Gündəlik rasiona əsas məhsulları – buğda, qarğıdalı, düyü, kartof, təzə meyvə-tərəvəz, ət, balıq, yumurta, süd, habelə mərci və lobya kimi paxlalıları daxil edin. Kəpəkli qarğıdalı, yulaf, buğda və düyüyə üstünlük verin, çünki onlar sellülozla zəngindir və toxluq hissini uzun müddət təmin edir.
Yüngül qəlyanaltı etmək üçün tərkibində şəkər, duz və yağlar çox olan məhsullar əvəzinə faraş tərəvəz, duzlanmamış qoz-fındıq və təzə meyvə seçin. Duzlu yeməklərdən imtina edin. Duz qan təzyiqini artırır, ürək xəstəliklərinə və insulta yol açır. DST gündə 5 qramdan çox duz yeməməyi tövsiyə edir. Kərə və iç yağlarını çox vaxt raps, qarğıdalı və ya günəbaxan yağları ilə əvəzləyin. Qırmızı ətdə piyin miqdarı yüksək olduğuna görə ağ ətə üstünlük verin. Mümkün olduqca, məhsulları qızartmayın, buxarda və ya suda bişirin. Şəkər az yeyin. O, təkcə dişləri sıradan çıxarmır, həm də diabet kimi ciddi xroniki xəstəliklər törədir.
Yadda saxlayın ki, spirtli içkilər sağlamlığınıza ciddi ziyan vurur. Hamilə və süd verən qadınlar, sükan arxasında oturanlar isə belə içkilərdən tamamilə imtina etməlidirlər.