“Təki Vətən yaşasın!”

A- A A+

Təki vətən yaşasın, var olsun deyə neçə-neçə oğullarımız bu yolda canından, sağlamlığından keçdi. Torpağı qanları ilə sulayıb Vətən edən igid oğullarımız sayəsində bu gün biz bütöv Vətənə, güclü dövlətə sahibik.

Qəlbi vətən sevgisi ilə döyünən belə oğullardan biri idi, Cavanşir Rəhimov. Vətən sevdalısı Cavanşirin hələ 19 yaşı tamam olmamışdı, ancaq qəlbində böyütdüyü yurd sevgisi onu mənəvi olaraq çox böyütmüşdü. O, çox gənc olmasına baxmayaraq torpaq təsibi çəkən, el-oba qədri bilən, millətin qeydinə qalan oğul olmuşdu.

1973-cü il iyun ayının 5-də Qax rayonunun Qaşqaçay kəndində anadan olan qəhrəmanımız sonra ailəsi ilə birlikdə Bakı şəhərinin Qaraçuxur qəsəbəsinə köçür. Burada 104 nömrəli orta məktəbin 8-ci sinfinə kimi təhsil alan Cavanşir sonra texniki-peşə məktəbində təhsilinə davam edir. 1991-ci ildən başlayaraq Qarabağ bölgəsinə düşmənin aramsız hücumu Cavanşiri çox narahat edir. Hələ 16 yaşında ikən hərbi komisarlıqdan onu da döyüşə aparmalarını xahiş edən qəhrəmanımız “vətəni məndə gedib qorumalıyam” - deyir. Ancaq hər dəfəsində “gözlə yaşın çatsın” – deyib onu geri qaytarırlar. O, iki il müddətində idmanın karete növü ilə məşğul olur, tez-tez atı­cılıq tirinə gedərək sərrast atəş açmağı öyrənməyə çalışır. Sanki bu illəri, anacaq cəbhəyə getmək üçün hazırlaşır...

Cavanşir Rəhimov vətənə xidmət etmək üçün 1992-ci ildə ordu sıralarına çağrılır. Böyük həvəslə bu yola çıxan qəhrəmanımız xidməti dövrünün ilk günündən peşəkar döyüşçü, sərbəst atışı bilən cəsur əsgər oduğunu komandirləri arasında özünü təsdiq edir. Xidməti yeri Hərbi Hava Qüvvələri olan qəhrəmanımız qısa zamanda təlimlərdə iştirak edərək bort-atıcı peşəsinə yiyələnir. Hərbi sirləri dərindən öyrənən vətənin igid oğlu komandirinə könüllü cəbhəyə gedib, döyüşlərə qatılmaq istədiyini bildirir.  Bu istəyi qəbul olan Cavanşir, baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 döyüş vertolyotu­na bort-atıcı təyin edilir. Cavanşir Rəhimov ilk döyüşə Ağcabədidən başlayaraq Ağdərə, Tərtər, Ağdam, Füzuli, Laçın, Qubadlı bölgələrində gedən döyüşlərdə də iştirak edir. Qəhrəmanımız qatıldığı döyüşlərdə bir neçə dəfə düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv edir. Aparılan əməliyyatların ən çətini avqustun 6-sı Ağdərənin Qasapet yüksəkliyindəki gedən döyüş olur. Cavanşirin olduğu vertolyot üç dəfə havaya qalxaraq düşmən bölmələrini atəşə tutub, ermənilərin böyük bir bölüyünü məhv edir. Bu əməliyyatda yaralanan qəhrəmanımız növbəti uçuşda da iştirak edə biləcəyini bildirir. Cavanşirin yaralanmasına narahat olan komandirinə təkidlə “yaxşı olduğunu, düşmənin başına od ələyə biləcəyini” söyləyir. Yenidən havaya qalxan vertolyot düşmən mövqelərini atəşə tutur. Bu zaman raket atəşi ilə vurulan vertolyotda Cavanşir qəhrəmancasına həlak olur. Vətənin igid oğlu Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilir.

Gənc qəhrəmanımız Cavanşir Rəhimov 19 illik ömrünü “təki vətən yaşasın”- deyib, sevdiyi torpağa, ölkəsinə qurban verdi. O, bu igidliyi ilə Azərbaycan tarixinə adını yazaraq xalqın Milli Qəhrəmanı adını qazandı. Həmçinin qəhrəmanımızın xatirəsi əziz tutularaq adı Suraxanı rayo­nundakı 146 saylı orta məktəbə verilib, Qaraçuxur qəsəbə parkında büstü qoyulubdur.

Ruhun şad olsun Vətən oğlu! Uğruna canını verdiyin torpaqlar artıq dörd ildir ki, azaddır. İndi bu torpaqlarda yenidənqurma işləri aparılaraq inkişaf etdirilir. Sənin arzun kimi Vətənin göz bəbəyi kimi qorunaraq yaşadılır!

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: