Kitab təqdimatı keçirilib - FOTOLAR
Heyran xanım adına “Zərif xanımlar” Ədəbi Məclisinin və M.S.Ordubadi adına Respublika Kitabxanasının birgə təşkilatçılığı ilə Sona xanım Teymurbəyli-Rəhimlinin bu il nəşr olunmuş iki kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tamella Əsgərova açaraq, Sona Amalın həyat və yaradıçılığı barədə tədbir iştirakçılarına məlumat verib. Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, Heyran xanım adına “Zərif Qadınlar” Ədəbi Məclisinin sədri Təranə Arfqızı “Naxçıvan ədəbi mühitində Sona Amal qələmi” mövzusunda çıxış edib. Səmimi şəraitdə davam edən tədbirdə filologiya elmləri doktoru, professor Sədaqət Həsənova, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılova, filologiya üzrə fəlsəfə doktoru, şair Sədaqət Nemət, kitabxananın əməkdaşı Yeganə Səfərova və başqaları çıxış edərək şairin yeni nəşr olunan “ Əzəmət” və “Sevgimi əbədi elə versəydim” kitabları haqqında fikirlərini söyləyiblər. Tədbir iştirakçıları müəllifi təbrik edib, şeirlərindən bədii nümunələr səsləndiriblər. Sonda xatirə şəkilləri çəkilib.
Məktəb yaşlarından lirik şeirlər yazmağa başlayan Sona Amalın ilk mətbu əsəri 1979-cu ildə “ Yeni Ordubad” qəzetində dərc olunan “ Körpə gülüşü” adlı mənsur şeiri olub. Sonralar isə, həm poetik və publisistik yazılarla yerli və ölkə mətbuatında tez- tez çıxış etməyə başlayıb.
2011- ci ildə Sona xanım “Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan qadınlarımız” kitabını nəşr etdirməklə Naxçıvanın ədəbi muhitində bir ilkə imza atdı. Bu kitab qadın imzalarımızın tanınmasında əvəzsiz rol oynayan, çoxlarının istinad etdiyi qiymətli nəşrdi.
Bu kitabdan sonra Sona xanıma sanki tükənməz enerji və ilham gəldi. Bir birinin ardınca kitabları nəşr olundu. Oxucular həmin zaman çərçivəsində Naxçıvan ədəbi mühitində maraqlı mövzulara müraciət edib, yazıçı təxəyyülündən keçirən bir qadın nasir də kəşf etdilər.
Qismət, Ləyaqət, Mərhəmət, Xəcalət, Xəyanət, Cəsarət, ikihissəli Əmanət, İlahi ədalət, və s. yaddaqalan adlarla roman, povest və hekayə kitabarı nəşr olundu. Bunlarla bərabər “Duyğularım, düşüncələrim”, “,Yuxularda görüşək”, “ Vusal yolçusuyam”, “Birləşdirək bütöv Azərbaycanı” və son olaraq “ Sevgimi əbədi elə versəydim” və s. şeir kitabları işıq üzü görüb.
Bir deyim var. Hər güclü kişinin arxasında bir qadın dayanır. Amma bu cümləni Sona xanımın timsalında belə deyərdim” hər güclü qadının arxasında bir kişi dayanır. Ona hər zaman imkanı çatırsa maddi və mənəvi dəstək olan kişi. Sona xanımın həyat yoldaşı Hüseyn Rəhimli məhz belə həyat yoldaşı olub. Sona xanım onu xatirəsinə “ Könül sultanım” şeirlər kitabı və “Əzəmət” xatirə-romanını ithaf edib. Sona xanımın əksər kitablarının redaktoru Hüseyn Rəhimli olub. Ruhu şad olsun.
Sona Teymurbəyli Rəhimli Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Telli Sənəm” ədəbi jurnalının məsləhətçisi, “Uğurlu yol” qəzetinin bədii redaktorudur. 2006-cı ildə müəllimlik fəaliyyətinə görə “Tərəqqi” medalı, 2020- ci ildə “ İlin yazarı” və “ Qızıl qələm” media mükafatına layiq görülüb. 2023- cü ildə “ İlin jurnalisti” və “ İlin şairi” seçilmişdir. “Heydər Əliyev diplomu” və medalı ilə təltif olunmuşdur.
Sona Teymurbəylinin poeziya yaradıcılığı haqqında Mahmud Əyyublu “ Sona Amal poeziyası publisistikada” adlı elmi kitabını nəşr etdirib.
Yaradıcılığında vətənpərvərlik motivləri üstünlük təşkil edən şairə həm də gözəl lirik, təbiət, sevgi notları üzərində poetik nümunələr yaratmışdır.
Naxçıvanım şeirində vətən sevgisini poetik dillə bəyan edir:
Xan Əlincə qalasına vuruldum,
Dağ vüqarlı, dost soraqlı Vətənim.
Əcəminin dühasından yoğruldum,
Naxçıvanım, Arazüstü Vətənim.
Vətən deyəndə ağlına bütöv Azərbaycan gəlir şairənin:
Azərbaycan- Azərbaycan, ruhum, canım,
Əzəl gündən Bakı- Təbriz adım – sanım,
Xan Arazdır damarımdan axan qanım,
Ay el- oba, özün söylə, hansı mənəm?
Ədəbiyyatımızın əsas mövzusu olan, qürur hissi ilə qələmə alnan şəhid mövzusu Sona xanımın qələmində öz mənasını bir başqa ruhda bildirir:
Tanrım, dərgahında buludtək dolam,
Yağam şəhidlərin məzarı üstə
Müşk- ənbər yerinə, gülab yerinə.
Hər gün saçlarımdan bir əlçim yolam.
Səpəm şəhidlərin məzarı üstə
Gül- çiçək yerinə, çələng yerinə.
Ilahi, həzin bir nəğməyə dönəm,
Qarışam dağların səhər mehinə.
Əsəm şəhidlərin məzarı üstə,
Bayatı yerinə, ağı yerinə.
Amma Sona xanım şəhid balalara təkcə ağı demir, möhtəşəm qələbəmizi, 44 gün davam edən vətən savaşının zəfər nəğmələrini yaradır:
Geyindi oğullar əsgər yarağın,
Sildilər qoynundan yağı ayağın,
Sancdılar köksünə Vətən bayrağın,
Tapıldı həsrətin çözümü , Şuşa,
Amal xoşbəxt sanır özünü, Şuşa!
Sona xanımın sevgi günəşinin şüaları həm sevdirir, həm isindirir, həm də yandırır. Ömür –gün yoldaşına ünvanladığı yüzlərlə şeirlərinin birində deyir ki:
Sızlayır nə vaxtdır sinəmdə ürək,
Arzular – diləklər param- paradır.
Yollarım dolanbac, önüm daş- kəsək,
Ünvanım çaş düşüb, yolum haradır?
Dərdim də sən idin, dərmanım da sən,
Könlümün həmdəmi, cananım da sən,
Sağımda, solumda- hər yanımda sən,
Sən çəkib gedəndən qəlbim yaradır.
Ədəbiyyatın müxtəlif janrlarında- poeziyada qoşma, qəzəl, bayatı, mənsur şeir və s. janrda, nəsrdə roman, povest, hekayə, və publisistikada müxtəlif mövzulu məqalələr yazan Sona xanım müəllimlərini də yaddan çıxarmayıb:
Arzusu, diləyi təzə- tər, qönçə,
Məsləyi, amalı incədən- incə,
Göstərib doğru yol yüzlərcə gəncə,
Ali sənətlərin gözü müəllim.
Toxunmadığı mövzu, qələmi ilə qəlbini almadığı insan yoxdu Sona Xanımın. Hər bir misrası, hər bir cümləsi insani duyğulara köklənən Sona Amal yaradıcılığı çox genişdir. Mən qısa olaraq, bəzi məqamlara toxundum. Deyir ki
Sünbüllər tək gəlin verək baş- başa,
Qayalartək sarılaq biz dağ- daşa,
Arxa duraq hər an dosta, qardaşa,
Qəlbdən- qəlbə yol çəkəsən, qəşəngdir.
Bəli, sözləri ilə qəlbdən qəlbə yol çəkən Sona Teymurbəyli Rəhimliyə, əzizimiz Sona Xanıma həm öz adımdan, həm də Heyran xanım adına “Zərif Qadınlar” ədəbi birliyinin üzvüləri adından həyatda ilk növbədə can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirik.
Təranə Arifqızı