Azərbaycan xalqı ta əsrlərdən bəri təbiətcə sakit, mehriban, dostluğu, yoldaşlığı sevən, sülhü hər zaman dəstəkləyən olmuşdur. Bu adət-ənənə illər ötsə belə dəyişməmiş, gələcək nəsillərə daşınmışdır. İlk məhəbbəti ana vətənə duyub, yurdunu sevməklə başlayan hər bir vətəndaşımız, öz torpağından başqa heç kimin torpağına göz dikməmiş, doğma ölkəsini isə gözü kimi qorumuş, lazım gələrsə, bu uğurda canını belə verməkdən əsirgəməmişdir. Odlar yurdu vətənimizin hər dönəmində tarixinə iz buraxan qəhrəmanları olmuşdur. Hər nə qədər fəsillər ötüb keçsə də, xalqın qəlbində yer tutan qəhrəman oğullarımız unudulmamış, xatirələrdə yaşadılmışdır.
1991-1995-ci illərdə Qarabağ bölgəsində başlayan vətən müharibəsində, demək olar ki, qəhrəman oğullarımız düşmən hücumunun qarşısını ala bilmək üçün qeyri-bərabər döyüşlərdə böyük igidlik göstərmişdir. Həmin oğullar Vətən torpaqları işğal olunmasın deyə canlarını qurban verərək Azərbaycan tarixinə qəhrəmanlıq səlnaməsi yazanlardan oldular. Onlardan Faiq Ağayev, Vəzir Sədiyev kimi Milli qəhrəmanlarımız da eyni amalla vətənə xidmət edənlərdən olublar.
Doğum günü olan hər iki qəhrəmanımızın həyat yoluna nəzər salaq.
Ağdam rayonunun Papravənd kəndində, 1969-cu ildə iyun ayının 6-da dünyaya göz açan vətənin igid oğlu Faiq Ağayev, orta təhsilini başa vurduqdan sonra ordu sıralarına əsgəri xidmətini etmək üçün çağrılır. Xidmətini bitirib əmək fəaliyyəti ilə məşğul olan qəhrəmanımız 1990-cı ildən torpaqlarımıza gözünü dikən düşmənə qarşı mübarizə aparmaq üçün Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına könüllü yazılır. Döyüşlərə qatılan Faiq Ağayev şücaətləri ilə düşməni təşvişə salır. 1991-ci il dekabr ayının 23-ü səhər saatlarında Xocalının Meşəli kəndinə hücuma keçən düşmən meşəni oda verib, kəndi güllə-borana tutur. Qəfil hücumdan demək olar ki, kənd əhalisinin böyük bir qismi həlak olur. Döyüşçülərimiz bu hücumda düşmənə cavab atəşləri açaraq kəndin dinc əhalisinin quldurların gülləsindən qorumağa çalışır. Qeyri-bərabər döyüşdə qəhrəmanımız böyük igidlik göstərərək düşmənin diqqətini özünə çəkməyi bacarır. Onun igidliyi ilə onlarla qız-gəlin, uşaq-qoca, düşmən vəşiliyindən xilas olur. Özünə uçulmuş evdə istehkam quraraq, sərrast atəşləri ilə quldur düşməninin böyük bir qüvvəsini məhv etməyi bacarır. Bu mübarizəsi ilə düşmənin hədəfinə dönən qəhrəmanımız son nəfəsinə kimi tutduğu mövqeyi dəyişmədən düşmənlə döyüşür. Onlarla insanı xilas edən qəhrəmanımız canını vətəni üçün qurban verir. O, qəhrəmancasına həlak olur. Vətənin igid oğlu doğulduğu kənddə dəfn olunur.
Vətənpərvərliyi ilə xalqın sevgisini qazanan Faiq Alış oğlu Ağayev torpaqlarımız uğrunda apardığı mübarizəyə və dinc əhalinin təlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Növbəti qəhrəmanımız Vəzir İsa oğlu Sədiyevdir. O da, adını tarixə yazmış, bir evin oğlundan, bir elin oğluna çevrilən igidlərdən biri olmuşdur. 1961-ci il 6 iyunda Borçalı mahalında - Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olan qəhrəmanımız vətən torpaqlarının işğal olunmasına göz yummayaraq, bu uğurda döyüşlərə qatılıb qəhrəmanlıq göstərmişdir.
Hələ uşaq yaşlarından hərbiçi olmağı xəyal edən qəhrəmanımız bu istəyini gerçəkləşdirərək yolunu Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə salır. Hərbi sirləri dərindən öyrənib, təhsilini başa vuran vətənin igid oğlu Rusiya Federasiyasının Qorki şəhərindəki hərbi məktəblərdən birinə müəllim olaraq əmək fəaliyyətinə başlayır. Üç il müəllimlik edən Vəzir Sədiyev sonra könüllü olaraq Əfqanıstana getmiş, batalyon komandiri kimi Əfqanıstan müharibəsində döyüşlərdə iştirak etmişdir. Qəhrəmanımız döyüşdə ağır yaralandıqdan sonra müalicə olunub, Zabaykal Hərbi Dairəsində, 122 saylı artilleriya və raket qoşunları tərkibində hərbi hissənin qərargah rəisinin müavini vəzifəsinə təyin olunur. Burada qüsursuz xidmət edən qəhrəmanımız çox keçmir ki, mayor rütbəsinə yüksələrək ikinci dərəcəli "Peşəkar zabit" döş nişanına da layiq görülür. Xidmətini canla-başla yerinə yetirən qəhrəmanımız 2 orden, 3 medal və eləcə də, SSRİ Ali Sovetinin fəxri fərmanı ilə təltif olunur.
Hər zaman Azərbaycan xalqına böyük sevgi bəsləyən Vəzir Sadiqov 1990-cı ildən başlayan qəsbkar ermənilərin hücumu ilə razılaşmırdı. Sonralar Xocalı faciəsindən xəbər tutan Vətənin igid oğlu öz yüksək vəzifəsini tərk edib Azərbaycan torpaqları uğrunda mübarizəyə qoşulur. O, Azərbaycanın Müdafiə Nazirliyinə müraciət edərək Artilleriya və Hərbi Hava Qüvvələri İdarəsində döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsinə təyin olunur. Vətənin ən çətin anında ona dəstəyə gələn Vəzir Sadiqov günlərini döyüş müydanında keçirdi. Qəhrəmanımız Laçın, Qubadlı, Füzuli, Ağdam, Ağdərə rayonlarında gedən döyüşlərdə yaxından iştirak edərək öyrəndiyi təcrübələrlə düşmənə ağır zərbələr endirmiş, bir çox hücumun qarşısını ala bilmişdi. Vətənin igid oğlu əsl həbçi olduğunu sübut edərək, eyni zamanda Milli Orduda artilleriyanın yaradılmasına böyük səy göstərmişdi. Qızğın döyüşlərin hər birində cəsur komandir vəzifəninin öhtəsindən layiqi ilə gələn Vəzir Sədiyev 1993-cü il fevral ayının 19-u Ağdərinin Aterk kəndi uğrunda gedən döyüşlərdə düşmən həmlələrinin qarşısını alarkən qəhrəmancasına həlak olur. Vətənin igid, cəsur oğlu Bakı şəhər Şəhidlər xiyabanında dəfn olunur.
Vəzir Sədiyev az yaşasa da, yüzlərlə insanı ölümün pəncəsindən qurtaran qəhrəman adını qazanmağı bacardı. Onun bu şücaətləri, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şəxsi igidlik dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Vətənin igid oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü.
Ruhunuz şad olsun, odlar yurdunun qəhrəmanları! Məzarınızda rahat uyuyun! Sizin qisasınız artıq alınıb. Uğruna canınızı qurban verdiyiniz o torpaqlar indi azaddır. Üçrəngli ay-ulduzlu yüksəklərdə dalğalanan bayrağımız dörd ildir ki, öz doğma, tarixi torpaqlarında dalğalanaraq bu torpağın əsl sahiblərini öz kölgəsi altına toplayıb.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı