1991-ci ildən əsir, viranə qalan yurd yerlərimiz azadlığa qovuşmaq üçün öz doğma igid, qəhrəman oğullarının yolunu gözlər olmuşdu. 30 ilə yaxın nisgili, doğma insanının yurduna, yurdunun isə doğma sahiblərinə həsrətini körpəliyindən hiss edən Azərbaycan gəncləri bu ədalətsizliyə son qoymaq üçün böyüməyə can atmışdılar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında birləşib bir yumruğa dönən Şanlı Ordumuz düşmənin başına od ələyib cəmi 44 gündə gücümüzü və qüdrətimizi bütün dünyaya göstərərək düşmənə diz çökdürdülər. 2020-ci il 27 sentyabr Azərbaycanın zəfərə yol alan qızıl tarixinin başlanğıcı oldu. Məhz 200 illik tariximizdə haqq savaşını igid oğullarımız qol gücü ilə bacardılar. Belə oğullarımızdan olan Sahil Məmmədov və Ümid Novruzlu əzm, qeyrət, mərdlik nümunəsi göstərərək vətən müharibəsinin qəhrəmanları adını qazandı. İndi onlar Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq rəmzinə çevriliblər.
Hər ikisi Naxçıvan torpağının yetirməsi olan igidlərimiz gözünü açıb evdə, məktəbdə eşitdikləri –“bizim torpaqlarımız işğal altındadır, biz necə olur-olsun torpaqlarımızı azad edib, gələcək tarix qarşısında üzü ağ olmalıyıq!” kəlmələri qəlblərinin amalına dönüşdürdülər. Məhz onlar bu inanca sarılaraq böyüdülər.
Qeyd edim ki, bu günkü yazımın qəhrəmanları vətəni qoruyub, şəhid adını qazananlar fərqli ildə olsa da, məhz, bu gündə dünyaya göz açıblar. Onların şərəfli ömür tarixinə nəzər salaq.
Yazımın ilk qəhrəmanı Sahil Rasim oğlu Məmmədovdur. O, 1995-ci ildə iyun ayının 7-də Naxçıvan şəhər Qaraçuq qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini 8-ci sinfə qədər oxuyan qəhrəmanımız həbçi olmaq arzusu ilə yolunu Heydər Əliyev adına Hərbi liseyə salır. Dörd illik təhsini müvəffəqiyyətlə başa vuran Sahil ali təhsilinə Azərbaycan Ali Hərbi Məktəbində daxil olaraq davam edir. Burada "motoatıcı" ixtisasına yiyələnib, Şəmkir rayonunda yerləşən hərbi hissələrin birində snayper bölüyündə bölük komandirinin müavini vəzifəsində vətənə xidmət etməyə başlayır. Bu illərdə cəsarəti və vətənpərvərliyi ilə qüsursuz xidmət edən Sahil Məmmədov bir çox fəxri fərmana və “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalına layiq görülür. Sonralar xidməti vəzifəsi dəyişdirilərək Həmlə taborunda taqım komandiri verilir. Məsuliyyətli, nizam-intizamı ilə bölük arasında nümunəvi xidmət edən vətənin igid oğlu "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülür. Qəhrəmanımız ilk olaraq 2020-ci ilin 12 iyulunda başlayan Tovuz döyüşlərinin iştirakçısı olur. Böyük cəsarətlə düşmən ordusuna verilən cavabda Sahil böyük şücaət göstərir.
44 günlük Vətən müharibəsi başlayanda Sahil də silaha sarılaraq vətənin müdafiəsinə qalxır. 28 sentyabrda Murovdağ silsiləsinin düşməndən təmizlənməsində şücaət göstərən vətənin igid oğlu həmin istiqamətdə düşmən həmlələrinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Xalqının, millətinin başını uca edən Sahil Məmmədov dekabrın 7-si doğulduğu Qaraçuq qəsəbəsində dəfn olunur.
Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, döyüş əməliyyatlarınada vətənə xidmət borcunu şərəflə yerinə yetirən düşmənin cavab atəşi ilə susturulmasında şəxsi igidlik göstərən şəhid baş leytenant Sahil Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.
Yazımın növbəti qəhrəmanı Ümid Bahadur oğlu Novruzludur. 1992-ci il iyunun 7-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda, anadan olan qəhrəmanımız Vəli Mahmudov adına 1 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. Hərbi xidmətə çağrılan Ümid Novruzlu vətənə xidmət borcunu yerinə yetirsə də, müddətdən artıq hərbi qulluqçu olaraq qalıb, fəaliyyət göstərmək istədiyini komandirlərinə bildirir. Komandirləri və yoldaşlarının hörmətini qazanıb, nümunəvi əsgər olan Ümidin bu müraciəti qəbul olunur. O, 2012-ci ildən hərbi qulluqçu kimi Naxçıvan şəhərində yerləşən hərbi hissələrin birində vətənə xidmətə başlayır. Xidməti dövründə sərrast atıcı və peşəkar sürücü olan qəhrəmanımız 2020-ci ildə gizir hazırlıq kursunu bitirərək xidmətə davam edir. Həmin il Naxçıvanda hərbi təlimlərdə iştirak edən qəhrəmanımız ayağından zədə alaraq müalicə olunur. 27 sentyabrda düşmənə əks-hücum əmri verilən zaman “döyüşlərə mən də qatılacam”-deyən qəhrəmanımıza komandirləri yaralı olduğunu bildirsə də, onu bu istəyindən döndərə bilmirlər. 2020-ci ilin oktyabırın 24-də döyüşlərə qatılan Ümid Novruzlu düşmənə aman verməyərək bir çox uğurlu əməliyyatlarda iştirak edir. Düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində igidlik göstərir. Çətin və ağır döyüşlərdə iştirak edən qəhrəmanımız bir neçə dəfə yaralansa da, öz mövqeyindən dönməyərək dilindən düşürmədiyi şüarı ilə “Şuşaya Zəfər bayrağını özüm sancacam” döyüş yoluna davam edir. Şuşaya qədər döyüş yolu uzanan vətənin igid oğlu elə bu şəhərin azadlığı uğrunda apardığı haqq mübarizəsində qəhrəmancasına şəhid olur. Noyabrın 5-də şəhadətə yüksələn Ümid Novruzlu 8 gün sonra doğulduğu rayonda dəfn olunur.
İki körpə atası olan vətənin igid oğlu ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin sərəncanlarına əsasən "Vətən uğrunda", “Şuşanın azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ömürlərini vətənə həsr edib, ölkəmizin ərazi bütövlüyünü təmin edən qəhrəmanlar, ruhunuz şad olsun! Sizlər Vətənə bəslədiyiniz sevginizlə gələcək nəslə nümunə olacaq ömür yaşadınız. Hər zaman xatırlanacaq, böyük sevgi və hörmətlə anılacaqsınız.
Səriyyə Salahova
Naxçıvan teteviziyasının əməkdaşı