Heydər Əliyev adına Hərbi Liseydən məzun olmaq böyük şərəfdir - FOTOLAR

A- A A+

Bu gün Heydər Əliyev adına Hərbi Lisey  24-cü şərəfli buraxılış məzunlarını yola saldı. Axı necə şərəfli olmaya bilər? 30 illik erməni işğalına cəmi 44 günlük haqq savaşında və antiterror əməliyyatlarında qalib gələn müzəffər Azərbaycan Ordusu buna birdən-birə nail olmadı. Bu vaxtında düşünülmüş və zərrə-zərrə atılmış addımın qələbəsi, haqq səsi idi. Bu gələcəyə hesablanmış uzun yolun ilk hədəfi idi. Bu, “Gün gələcək Azərbaycan Ordusunun zəfərini bütün dünya danışacaq” , – deyən Ali Baş Komandanın qətiyyəti, təmkini, çevikliyi, iradə və əzminin sarsılmazlığının təzahürü idi. Azərbaycan bu Tarixi Qələbə ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən, 30 il ərzində kağız üzərində qalan dörd qətnaməsinin icrasını hərbi-siyasi qüdrəti ilə özü reallaşdırdı.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ordu quruculuğu strategiyasını fəaliyyətinin bütün dövrlərində diqqətdə saxlamışdır. Hələ Sovetlər dönəmində ilk hərbi məktəbi təsis etməklə kadr hazırlığına başlamışdı. 1992-ci ildə Naxçıvanda ilk milli ordu qurumu yaradan Ulu Öndər cəmi 6 il sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialını yaratdı. Ümummilli Lider 1999-cu ilin oktyabr ayında liseydə olarkən öz tarixi çıxışında deyirdi: Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları - Kəngərlilər sülaləsindən Çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ...Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi".

Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu yola sadiq qalaraq 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılması haqqında Sərəncam imzalamışdı.  “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bütün siyasi və ideoloji təzyiqlərə baxmayaraq, müzəffər Azərbaycan Ordusunun gücünə arxalanaraq erməni işğalçıları tərəfindən sahiblənmiş torpaqlarımızı geri qaytardı. Bir qarış torpağı belə düşmən tapdağında qoymayan siyasi lider İlham Əliyev dünya media  nümayəndələrinə dəfələrlə müsahibə verərək Azərbaycanın haqq səsini dünyaya çatdırdı. “Bizim sözümüz imzamız qədər dəyərlidir” ,– deyən cənab Prezidentimiz Azərbaycanı bölgədə sülhün, əmin-amanlığın qarantına çevirən ölkələrdən etdi.

Bütöv Azərbaycan Ordusu ilə bərabər bu şərəfli yolda hərbi liseyin məzunları da 44 günlük Vətən müharibəsində igidliklə vuruşub, şanlı Qələbənin əldə olunmasına öz töhfələrini veriblər. Torpaqlarımızın işğaldan azad olunması uğrunda liseyin 96 məzunu şəhidlik zirvəsinə yüksəlib, 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Liseyin adlarını şanlı zəfər tariximizə əbədi həkk etdirmiş qəhrəman və şəhid məzunlarının şanlı döyüş yolu, bu gün məzun olan kursantlar üçün əsl qəhrəmanlıq, vətənpərvərlik simvoluna çevrilib. Şərəf, qeyrət simvoluna çevrilən liseyin ölümsüz  qəhrəmanları bu günün kursantlarına mayak olub yol açır. Liseyin müəllim və zabit heyəti də vətən uğrunda şəhid olan məzunlar haqqında bu gündə, sabah da ağızdolusu danışır, danışacaqlar.

Bu gün bu liseydən məzun olan kursantların da bu yolun layiqli davamçıları olacağına zərrə şübhə etmirik. Çünki onlar qəhrəman ana və atanın övladları, qalib xalqın zabitləri, qəhramanlar yetişdirən yurdun bayraqdarlarının davamçılarıdır. Bu şərəfli yolda onlara uğurlar arzu edir, daim vətənpərvərlik ruhunda köklənmələrini təmənni edirik. Arzu edirik, onlar pərvazlanaraq daha da ucaldıqları Azərbaycan Ali Hərbi Məktəbində də bu əqidəyə daim sadiq qalacaqlar.

Fariz ƏHMƏDOV

Naxçıvan televiziyasının baş redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: