Haradan gəldi keçən piyadaları nə gözləyir?

A- A A+

Demək olar ki, ömrümüzün çoxu yollarda keçir. Bağçaya, məktəbə, işə və gəzintiyə gedərkən bizi sevdiklərimiz uğurlayıb, sağ-salamat qayıtmağımızı gözləyirlər. Təəssüflər olsun ki, bəzi vaxtlar bu yollar bizi mənzilə çatdırmır. Yolumuz qırmızı işıqla kəsişir. İşıqforların və piyada keçidlərinin bir növ məhdudiyyət yox,  günümüzdə nə qədər insanın həyatını xilas etdiyini düşünsək,  yanlarından təşəkkür etməmiş keçmərik. Bu mövzuya müraciət etməyə səbəb də məhz son zamanlar yol hərəkəti qaydalarına əməl edilməməsi, sürücülərin və piyadaların tələskənliyidir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov Nuhçıxana müsahibəsində bildirir ki, 24 saat fasiləsiz fəaliyyət göstərən DYP-nin əsas məqsədi yol-nəqliyyat hadisələrinin qarşısını almağa, piyada keçidlərinə nəzarət etməyə, sürücüləri və piyadaları yol hərəkəti qaydalarını pozmamağa təşviq edir. 

Diqqətsiz və tələskən sürücülər

Bu növ sürücülər yol hərəkəti qaydalarına qarşı, eyni zamanda digər hərəkət iştirakçılarına qarşı diqqətsiz olurlar.  Misal üçün bu sürücülər piyadaya qarşı diqqətsiz olur. Velosiped və elektroskuter sürənlərə qarşı diqqətsiz olur. Ətrafdakı insanlara qarşı diqqətsiz olur. Yollarda yığışmış yağış və qar sularını insanların üzərinə sıçratmaqda diqqətsiz olur. Biz həmişə harasa tələsirik. Və elə bilir ki, bizdən başqa da tələsən yoxdur. Və bu tələskənliklər mütləq bir yerdə toqquşur və yol-nəqliyyat hadisəsinə gətirib çıxarır. Ona görə də bütün sürücülərə və yol hərəkəti iştirakçılarına tövsiyə edilir ki, sükan arxasında əyləşməzdən qabaq, piyada kimi yola çıxmazdan qabaq düşünək ki, bizim bir səhvimiz bir və ya bir neçə şəxsin həyatına sona qoya bilər.

Sürücü yorğunluğu, yuxusuzluq, yoxsa sürət həddi?

Sürücünün diqqətsizliyi, tələskənliyi və yorğunluğu, eyni zamanda sürücünün sərxoş vəziyyətdə olması bu hadisələrin başvermə riskini dəfələrlə artırır. Yorğun sürücü içkili sürücü qədər təhlükəlidir. Həmçinin diqqətsiz və təcrübəsiz sürücülər də var. Bunlar arasında kifayət qədər fərq var. Adətən, sürücülük vəsiqəsini əldə edən istənilən şəxs sükan arxasında əyləşirsə, onlara da tövsiyə olunur ki, təcrübəsiz sürücü nişanından istifadə etsinlər. Bu nişan avtomobilin ön və arxa şüşəsinə vurulur. Onu şüşəyə vurmaq həmin sürücüyə heç bir üstünlük qazandırmır. Sadəcə, digər sürücülərə informasiya verir ki, qarşıdakı nəqliyyat vasitəsinin sürücüsü təcrübəsiz sürücüdür.  Yol-nəqliyyat hadisələrinin başverməsinə ən çox səbəb olan amillərdən biri də diqqətsiz və tələskən sürücülərdir.

Avtoxuliqanlıq, ya özbaşınalıq?

Muxtar respublikada avtoxuliqanlıq halları həddən artıq azdır və yaxud yox dərəcəsindədir. Düzdür, bəzən olur ki, kimsə yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Avtoxuliqanlıq açıqca cəmiyyətə hörmətsizlik edən müəyyən kobud qayda pozuntusudur. Məsələn: İki və ya daha artıq avtomobilin açıq sürətdə yarış təşkil etməsi, avtomobilin bir və yaxud iki təkərinin yerdən qaldırılması, eyni zamanda asfalt səthə müəyyən cizgilərin salınması, müəyyən səslərin avtomobil tərəfindən çıxarılması həm təhlükəli, həm də ətrafdakı insanlara açıqca hörmətsizlikdir. Avtoxuliqanlığın da İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində ağır cəza tədbirləri var. Yəni sürücülük hüququnu 1 il müddətinə məhdudlaşdırmaqla 500 manatdan 750 manatadək həmin sürücü cərimə oluna bilər. Eyni zamanda sürücülərimiz bilməlidirlər ki, avtoxuliqanlıq son dərəcə təhlükəli əməldir və yol-nəqliyyat hadisəsinə birbaşa dəlalət edən amildir. Bəzən sürücülər avtomobillərin arasından təhlükəli manevr edirlər. Bu da bəzi hallarda avtoxuliqanlığa səbəb olan hərəkətlərə gətirib çıxarır. Muxtar respublikanın bütün küçə və prospektlərində yol hərəkətinə ciddi nəzarət var. Həm inspektorlar tərəfindən, həm təhlükəsizlik kameraları tərəfindən, həm də Dövlət Yol Polisinin qaynar xətti olan 060-500-09-02 əlaqə və “Whatshapp” nömrəsi tərəfindən nəzarət olunur. Həmçinin sosial şəbəkələrdə görüntülən qanun pozuntusuna, özbaşınalığa qarşı həmin şəxs barəsində inzibati icraat aparılır. Qaynar xətti yaratmaqda da məqsəd odur ki, vətəndaşlar hiss etsin ki, onlara ictimai nəzarət də var. Qanunu pozan vətəndaş bilməlidir ki, ictimai qınaq varsa, onun mütləq nəticəsidə var.

Elektroskuterlər və velosipedlərin hərəkətinin yollarda tənzimlənməsi

Müsahibim bildirir ki, elektroskuter və velosipedlə vətəndaşlarımız ciddi qayda pozuntularına yol verərək yollarda ciddi təhlükə yaradır. Vətəndaşlar düşünməlidir ki, istifadə etdikləri velosipedlər, elektroskuterlər və mopedlər də nəqliyyat vasitəsidir. Hətta bunlara qarşı müəyyən yaş məhdudiyyətləri var. Valideynlərdə bilsin ki, 14 yaşından balaca uşaqların küçə və yollarda velosiped sürməsi qadağandır. 16 yaşından balaca uşaqların küçə və yollarda elektroskuter və moped sürməsi qadağandır. Eyni zamanda Yol hərəkəti haqqında qanunda bu tip nəqliyyat vasitələrini idarəedən şəxslərə qarşı müəyyən qadağa və tövsiyələr var. Düzdür, bu gün Naxçıvanda velosiped və elektroskuter yolları yoxdur. Bu o demək deyil ki, kimsə sürməsin. Bunlardan istifadə əksinə sağlamlıqdır. Və ekoloji cəhətdən heç bir təhlükəsi yoxdur. Amma təhlükəli idarəedəndə qəza qaçılmazdır. Qanunda deyilir ki, velosiped və elektroskuter yolu yoxdursa, yolun sağ kənar zolağında və ya zolağın sağında hərəkət etməlidirlər. Bu nəqliyyat vasitələrinə səkiylə hərəkət etmək, sərnişin daşımaq, yük daşımaq qadağandır. Həmçinin qoruyucu dəbilqəsi olmalı və gecə vaxtı idarə zamanı işıq sistemi və işıqqaytarıcıları olmalıdır. Həmçinin onları idarəedən şəxslərin geyimləri üzərində işıq əksetdirici elementlər olmalıdır. Bu elementlər olan zaman qarşıdan və arxadan gələn sürücü həmin elementləri görüb sürətini azaldır və yol qəzalarının qarşısı alınır. Valideynlər mütləq uşaqlarını nəzarətsiz qoymamalı və küçələrdə yol hərəkətindən necə istifadə etməsi ilə bağlı mütəmadi maarifləndirici söhbətlər aparmalıdır. Bu gün elektroskuter və velosiped sürənlərin  95 faizi yetkinlik yaşına çatmayanlardır. Buna görə də sürücülərin üzərinə ağır məsuliyyət düşür. Onlar səbir nümayiş etdirməli, diqqətli olmağı bacarmalıdır. İndi artıq yay fəslindəyik. 3-4 ay velosiped, elektroskuter sürənlərin sayında sıxlıq müşahidə olunacaq. Bunun üçün hər kəsə səbirli və təmkinli olmağı tövsiyə olunur.

Velosiped və elektroskuter sürənlər üçün cərimələr gözlənilir

 İnzibati Xətalar Məcəlləsində bununla bağlı cərimələr var. Bu cərimələr, velosiped, elektroskuter və moped sürənlər üçün 40 manatdan başlayır. Motodəbilqədə olmadan idarə onların idarəolunması, yol nişanlarına və işıqfora əməl olunmadan idarəolunma, yolayrıcından keçmə qaydalarının pozulması gətirib ona çıxarır ki, Yol Patrul Xidməti inspektoru onlara cərimə yaza bilər.

Gecə qəzaların başvermə çoxluğunun səbəbləri

Ayaz İsmayılov onu da bildirir ki, tündrəngli paltarlar sutkanın qaranlıq vaxtlarında işığı qaytarmır. Yaxşı olar ki, gecə vaxtlarında küçə və yollarda hərəkət edən piyadalar mümkün qədər açıqrəngli paltarlardan istifadə etsin. Hətta üzərində işıqqaytarıcı elementləri olan paltarlardan istifadə olunsa, daha yaxşı olar. Bu paltarlardan istifadə sürücünün vaxtında piyadanı görməsini təmin edir. Əfsuslar olsun ki, bəzi qəzalar yolayrıclarında baş verir. Bu da sürücünün görmə məsafəsi azaldığından qəza qaçılmaz olur. Buna görə də sürücü kompensasiyaedici tədbirlər görməlidir. Əsasən də, minimum sürət, maksimum diqqət prinsipinə əməl etməlidir.

Azyaşlı uşaqların tin və dalanlarda maşın sürməsi ciddi təhlükədir

Sürücülük vəsiqəsi olmayan şəxs avtomobil idarə edirsə, onun günahkarı avtomobil sahibidir. Valideyn  bilə-bilə ki, övladı azyaşlıdır və ona avtomobil idarəetməyi öyrədir, həmçinin hadisəni videolentə alaraq öz sosial şəbəkələrində paylaşır. Bu cür hadisələrə qarşı Dövlət Yol Polisi ciddi mübarizə tədbirləri və reydlər aparır. Sürücülük vəsiqəsi olmayan şəxs 100 AZN, avtomobilin sahibi isə 60 AZN cərimə olunur. Əsasən də, IX, X və XI sinifdə oxuyan oğlan uşaqları daha həvəslidirlər avtomobil idarəetməyə. Valideynlərə tövsiyə edilir ki, sürücülük vəsiqəsi olmadan azyaşlıya avtomobil etibar etmək olduqca təhlükəlidir. Bəzən də reydlər zamanı müşahidə edilir ki, valideyn avtomobil idarə edir və qucağında azyaşlı körpə var. Bu da sərnişindaşıma qaydalarının pozulmasıdır. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 AZN və 3 cərimə balı nəzərdə tutulur. Eyni zamanda 12 yaşına qədər uşağın avtomobilin ön oturacaqda əyləşməsi qanunla yolverilməzdir. Bu tip qayda pozan sürücülərə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 AZN və 3 cərimə balı tətbiq olunur.

Bəs haradan gəldi keçən piyadaları nə gözləyir?

Müsahibim son olaraq bildirir ki, bu yaxınlarda Naxçıvan şəhərində bununla bağlı ağır yol-nəqliyyat hadisəsi baş verdi. Təəssüflər olsun ki, bununla bağlı hələ də yol hərəkət qaydalarına əməl etməyən piyadalarımız var. Reydlər zamanı müşahidə olunan hallardan biri də budur ki, valideyn piyada keçidindən 15-20 metr aralıda övladının əlindən tutaraq yol hərəkət qaydalarını kobud şəkildə pozur. Bu da uşağa pis örnəkdir. Piyadalar üçün nəzərdə tutulmayan yerdən keçdiklərinə görə, işıqforun qırmızı işığından keçdiklərinə görə və yaxud da qəfildən nəqliyyat vasitəsinin qarşısına çıxdığına görə 20 AZN miqdarında, eyni zamanda hərəkət sürəti 80 kilometr və daha çox müəyyən olunmuş yollarda, piyadaların onlar üçün nəzərdə tutulmayan yerdən keçdiklərinə görə 40 AZN miqdarında cərimələr tətbiq olunacaq. Burada əsas məqsəd vətəndaşları cərimələmək yox, hərəkət iştirakçılarının hüquq və vəzifələrini izah etməkdir.
 Qaydalara əməl etsək, küçə və yollarda hadisələr olmayacaq.

Əziz oxucular! Sonda tövsiyə olunan odur ki, Tanrının bizə ən qiymətli mükafatı olan ömür yolunu yarıda qoymamaq üçün mənzilbaşına çatmaqda tələsməyək. Yol hərəkəti qaydalarına əməl etmək, özümüzün və başqalarının həyatını uzatmaq deməkdir.

Fariz ƏHMƏDOV

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: