“Mən şəhid olacam, ana!”

A- A A+

Deyirlər qəhrəman olunmur, qəhrəman olaraq doğulur insan… Elə 44 günlük vətən müharibəsinin qəhrəman oğullarından olan Nihat Seyidov da öz vətəni uğrunda şəhid olacağını hələ körpəliyindən hiss edərək böyümüşdü. Onun uşaq yaşlarında anasına söylədiyi “Mən şəhid olacam, ana” kəlmələri zaman axarı ilə talehinə çevrildi.

2020-ci il 27 sentyabrda Ermənistanın təmas xəttində törətdiyi təxribatların qarşısını alan Azərbaycan Ordusu, vətənin mərd, qorxmaz oğulları silaha sarılaraq canları bahasına da olsa, Vətən torpağından yağı düşməni qovmaqla gücünü bütün dünyaya göstərdilər. Tarixə İkinci Qarabağ müharibəsi adı ilə yazılan bu müharibədə qəhrəman oğullarımız şəhidlik zirvəsinə yüksəldilər. Onlardan biri də Nihat Mehman oğlu Seyidov idi.

Culfa rayonunun Teyvaz kəndində 1998-ci il iyun ayının 12-də anadan olan Nihat orta təhsilini Naxçıvan şəhərində 14 və 17 nömrəli tam orta məktəblərində alır. Hərbçi olmaq arzusu ilə 8-ci sinfi bitirən qəhrəmanımız təhsilinə Heydər Əliyev adına Hərbi liseydə davam edir. Burada oxuduğu müddətdə nümunəvi davranışı və mülayim xarakteri ilə seçilən igidimiz yoldaşları ilə yanaşı, müəllimləri tərəfindən də çox sevilir. Hərb elmini daha dərindən öyrənmək üçün Nihat Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. 2019-cu ildə təhsilini başa vuran vətənin igid oğlu Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” hərbi hissəsində leytenant rütbəsi ilə hərbi xidmətə başlayır. Qüsursüz xidməti, yüksək bacarıq və hazırlığı sayəsində tezliklə bölük komandiri təyin olunan Nihat 2020-ci ilin 20 mart tarixində döyüş fəaliyyəti və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanla təltif olunur.

27 sentyabr 2020-ci ildə təmas xəttində təxribat törədən düşmən Azərbaycan Ordusunun gözlənilməz əks-cavab əməliyyatları ilə qarşılaşdı. Nihat da bu əməliyyatlarda iştirak edən hərbçilərimizdən biri idi. Düşmən üzərinə hücuma keçən döyüşçülərimizin önündə gedən qəhrəmanımız vətənin dilbər guşəsi olan Qarabağ torpaqlarını azad etmək, Azərbaycan bayrağını Qarabağın bütün zirvələrində dalğalandırmaq onun əsas məqsədi idi. Vətən torpaqlarının bötövlüyü uğrunda qorxmadan, mərdliklə vuruşan, hər zaman öndə gedərək döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirən Nihat son döyüşünə də əsl qəhrəman kimi yollanır. 2020-ci il oktyabr ayının 15-də Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə düşmənə aman verməyən Nihat Seyidov snayperdən açılan atəş nəticəsində şəhidlik zirvəsinə yüksəlir. Subay olan şəhidimiz Naxçıvan şəhərində dəfn edilib.

Şəhid leytenant Nihat Mehman oğlu Seyidov Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Vətən üçün şəhid olacağını uşaq yaşlarından hiss edən Vətənin igid oğlu, ruhun şad olsun! Canın bahasına qorumağa çalışdığın Qarabağ torpaqları artıq azaddır. Düşmənin başını əzərək vətənimizi bütövləşdirən Şanlı Ordumuz sənin timsalında bütün şəhidlərimizin də qisasını aldı.  

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: