“Öncə vətən var olsun, sonra mən…”

A- A A+

Vətən torpağı xalqımızın müqqəddəs məkanıdır. Ulu babalarımız bu torpaqlarda yaşamış, onu sevmiş, qorumuş, yeri gəldikdə vətəni uğrunda vuruşub, yağı düşmənə torpağından pay verməmişdir. Tariximizə hər dövr yazılan qəhrəmanlıq dastanları nəsil-nəsil davam etmişdir. Azərbaycanın tarixinə yazılan Birinci Qarabağ müharibəsi isə gələcək nəsilə nümunə olacaq qəhrəmanlıq səlnaməsidir. Ölkəmizin ən çətin anında belə vətən oğulları düşmən önünü kəsib, igidlik, mərdlik göstərərək “öncə vətən var olsun, sonra mən”- deyərək torpaqlarımızın işğal olunmasına göz yummayıbdır. Belə oğullardan biri də Sahib İbrahimovdur. Bildirim ki, vətənini, yurdunu canından artıq sevən qəhrəmanımızın bu gün şəhadətə yüksələn günüdür.

İbrahimov Sahib İsmayıl oğlu iyul ayının 10-u 1969-cu ildə Şərur rayonunda anadan olub. 1975-ci ildə atası İsmayıl İbrahimovu itirən qəhrəmanımız ailəsinin çətin vəziyyətdə olmasına görə Culfa rayon Əbrəqunus kəndində yerləşən İnternat məktəbinə daxil olaraq orta məktəbin 8-ci sinfinə qədər oxuyur. Sonralar Şərur rayonunun texniki peşə məktəbinə qəbul olan Sahib traktirist peşəsinə yiyələnir. Təhsilini başa vurduqdan sonra ordu sıralarına çağrılan qəhrəmanımız Qazağıstanda yerləşən hərbi hissələrin birində əsgəri xidmətini yerinə yetirir. Ordudan təxris olunub doğulduğu rayona qayıdan Sahib İbrahimov bir müddət burada əmək fəaliyyəti ilə məşğul olur.

1990-cı ilin əvvələrindən başlayaraq xayin qonşu Ermənistanın torpaqlarımızı işğal etməyə başlaması, dinc əhalinin sıxışdırılaraq zorla evindən çıxarılması vətənin igid oğlunu çox narahat edirdi. Anasının bu hadisələrdən pis olduğunu görən qəhrəmanımız - “ heçnəyə görə narahat olma ana! Mən nə qədər sağam düşmənin önündə duracağam! əgər mən ölsəm, qəti düşmən əlinə keçməyin bacım da, sən də, əlinizlə elektirik məftilindən yapışın! Bizim yurdumuzu atıb gedəcək başqa yerimiz yoxdur. Yaşasaq da burada yaşayacayıq, ölsək də burada öləcəyik!” sözlərini deyərək Sədərək rayonuna döyüşə yollanır. Burada düşmənlə aparılan mübarizədə igidlik göstərən qəhrəmanımız sağ dizindən qəlpə yarası alır. O, müalicə olunaraq yenidən döyüş bölgəsinə qayıdır. Həmin dövrdə Ağdam rayonunda vəziyyətin pisləşməsinə görə Naxçıvandan könüllü dəstələr döyüşə gedirdilər. Sahib İbrahimovda dostu Oktayla birgə bu dəstələrə qatılıb Ağdam rayonuna gedir. Burada ağır döyüşlərə qatılan qəhrəmanımız 1993-cü il iyun ayının 13-də şahadətə yüksəlir. Vətənin igid oğlu Şərur şəhər şəhidlər xiyabanında dəfn olunur.  Ailəli olan qəhrəmanımızın bir qızı yadigarı qalır.

Vətənin var olsun deyə canından keçən qəhrəman, ruhun şad olsun! Əmanət qoyduğunuz vətən torpaqlarına sahib çıxan Müzəffər Ordumuz qisasınızı yağı düşmənlərdən aldı. Məzarınızda rahat uyuyun, Vətənimiz var olmağı ilə bərabər, artıq bütövdür.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: