Qidalanmanın rolu sağlamlığımız üçün olduqca əhəmiyyətlidir, ancaq qidalanmadan qabaq daha vacib məsələlər var

A- A A+

Qidaların normalara uyğun saxlanılması, sanitar qaydalara riayət qida təhlükəsizliyi üçün çox vacib nüansdır. Günü-gündən artan qida çeşidliliyi heç də faydalı qidaların artımına aid deyil. Əksinə, istehlakçıları çaş-baş salan, fərqli, bir çox hallarda isə keyfiyyətsiz və yararsız qidalar istehsal edilir. Qidaların təhlükəsizliyi bu baxımdan gözardı edilməməlidir. Qlobal məsələrdən biri olan ölkələrin ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi,hər bir ölkənin milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorları əhatə etdiyi üçün qida təhlükəsizliyinin də təmin edilməsi dövlət siyasətinin prioritet sahəsidir. Bir neçə gün öncə ölkəmizdə bəzi qidaların daxilində mikrob aşkarlandığı ilə bağlı xəbər hamı kimi bizi də narahat edirdi. Buna görə də üz tutduq Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinə.

NUHÇIXAN-a müsahibəsində həkim-sereloq Səidə Mirzəyeva bildirdi ki, qabaqcıl beynəlxalq təcrübələr əsasında, klassik metodlarla yanaşı müasir metodlar da, ən müasir cihazlar vasitəsilə virusoloji və seroloji müayinələr aparılır. Həmçinin müasir metodlardan biri, bərk fazalı immun metodu olan, fermentin immunoqlobinlə birləşməsinə əsaslanan Elisa metodu da burada tətbiq olunur. Çoxlu sayda yüksək patogen və zoonoz xəstəliklərin aşkar edilməsində cihazın bir nömrə olduğu da vurğulandı.

Elmi araşdırmalar və təlim şöbəsinin sektor müdiri Əbülfət Əhmədov İnstitutun fəaliyyətindən danışarkən bildirdi ki, əsas məqsəd insanların, həmçinin heyvanların həyat və sağlamlığının qorunmasıdır. Qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdən ibarət olan qurum, həmçinin qida təhlükəsizliyi sahəsində elmi praktiki araşdırmaların və tədqiqatların aparılmasını həyata keçirir. Laboratoriyalara qida subyektləri tərəfindən daxil olan nümunələrin qəbulu və ekspertizası, analizlərin nəticəsinin normativ-hüquqi aktlara uyğun olaraq tərtib olunması, nəticələrin sınaq protokolu şəklində tərtib olunaraq sifarişçilərə təqdim olunması işi də institutun fəaliyyətinə daxildir.

Baytarlıq və Fitosanitar nəzarət şöbəsinin əməkdaşı İlahə Ağayeva qeyd etdi ki, ötən dövr ərzində 154 baytarlıq şəhadətnaməsi, 39 idxal icazə sənədi, 65 idxal rəyi, 17 idxal karantin icazəsi, 42 baytarlıq sertifikatı və 60 fitosanitar sertifikatı verilib. Həmçinin qarşıdan gələn Qurban bayramı ilə əlaqədar heyvanların kütləvi daşınması, kəsimi və satışının baytarlıq sanitariya, sanitar-gigiyena və digər normativ sənədlərin tələblərə uyğun təşkil olunması və aidiyyatı dövlət qurumları ilə birgə qarşılıqlı fəaliyyət göstərməsi əsas işlərdəndir.

Sonda Agentliyin əməkdaşı Mirfərid Seyidli bildirdi ki, müəssisənin qeydiyyatsız fəaliyyəti müvafiq qanunvericiliklə qadağandır, buna görə də hər bir qida obyekti Agentlik tərəfindən qeydiyyata alınmalıdır. İlk öncə Agentlik əməkdaşları tərəfindən 800-ə yaxın sahibkarlıq obyektində maarifləndirmə işləri aparılmış, sahibkarlar tərəfindən yerinə yetirilməli olan vacib tələblər barədə məlumat verilmişdir. Agentlik tərəfindən fəaliyyət planına uyğun olaraq fərqli qida sahələrində monitorinqlər həyata keçirilirməkdədir. Monitorinqlər zamanı müxtəlif qida məhsullarından nümunələr götürələrək təhlükəsizlik göstəricilərinin yoxlanması məqsədilə Naxçıvan MR Qida təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunur. Eyni zamanda istifadəyə yararsız, insan həyat və sağlamlığına təhlükə yaradan qida məhsulları dövriyyədən yığışdırılaraq Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilmişdir. İstehlakçı hüquqlarının qorunması məqsədilə Agentlik tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrində dövlət nəzarəti və tənzimlənməsi tədbirləri bundan sonra da mütəmadi olaraq həyata keçiriləcəkdir.

Sağlamlıq insana verilən böyük nemətdir. Bunun üçün vacib olan nüanslara diqqət etməkdə fayda var. Gəlin sağlamlığımızın qayğısına elə sağlam olarkən qalaq. Məhz bunun üçün də qida obyektlərində qarşılaşdığımız nöqsanlarla bağlı Agentliyin (036)-545-28-83 telefon nömrəsi ilə əlaqə saxlaya və ya Naxçıvan şəhər K.Talıblı 6 ünvanında yerləşən inzibati binasına yaxınlaşıb şikayətlərimizi bildirə bilərik.

Səma Hüseynli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: