Cansız saatlara can verən saatsaz - FOTOLAR

A- A A+

Vaxtın dəqiq bilinməsi hər kəs üçün çox vacibdir. Saatlar da günümüzün əsas hissəsini müəyyənləşdirmək üçün zəruri texnologiyadır. İstər qolumuzda, istərsə də divarda yer alan saatlarda bəzən nasazlıqlar olur. Bu nasazlıqları aradan qaldırmaq üçün isə dərhal yaxşı saatsaz axtarışına çıxırıq. Günümüzdə Naxçıvan şəhərində bu sənətlə məşğul olan onlarla sənətkar fəaliyyət göstərir. Ancaq işini dəyərincə yerinə yetirən, bu işə həvəslə yanaşan sənətkarlar barmaqla sayılacaq qədər azdır. Heç kəs qiymətli əşyasını tanımadığı, güvənmədiyi bir ustaya əmanət etməz. Onlardan biri də şəhərimizin Xətai küçəsindəki Mərkəzi Bazarın yanında, kiçik bir dükanda bu sənəti yaşadan, 50 ildən artıq bir müddətdə cansız saatlara yenidən can verən İlyas Əliyevdir.

İlyas Əliyevin dediklərinə görə, ömrünün yarısını bu işə adayıb. O deyir ki, bu işdə işləmək üçün həm həvəsin, həm də səbirin olmalıdır. Bir saatı düzəltmək üçün kiçik bir detal üzərində bəzən saatlarca vaxt sərf edə bilərsən. Bunun üçün də, ilk növbədə, səbirli olmaq lazımdır.

Usta deyir ki, qiymətindən, növündən asılı olmayaraq, çox saat təmir edib. Bunların içərisində çox qiymətli saatlar da olub, mənəvi dəyəri yüksək olanlarda. İlyas ustanın bu günə kimi təmir edə bilmədiyi saat olmayıb. Təmir etdiyi saatın hansısa ehtiyat hissəsi olmasa da, gec-tez tapıb təmir edib. Təmir üçün gətirilən saatlara fərq qoymayan İlyas usta düşünür ki, bu işin də mənəvi sevgisi budur.

Səbir və sevgi ilə işinə yanaşan usta bildirir ki, hazırda bu peşəni doğma övladına öyrədir və iş başında olmayanda təmir üçün gətirilən saatları oğluna rahatlıqla əmanət edə bilir. Əgər kimsə bu peşənin sirlərinə yiyələnmək istəsə, astaca İlyas ustanın qapısını döyə bilər. Səbir və sevgi tələb edən bu sahənin sirlərini öyrənmək üçünsə, maraq və diqqət öndə gəlir. Bizdə gənclərə sevdikləri peşənin ardınca getdiyi yolda uğur diləyirik. Çünki insan sevdiyi peşənin ardınca getdikdə bütün çətinliklər aradan qalxır.

Sevda Nəsir

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: