Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 14 il ötür

A- A A+

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin növbəti ildönümüdür.

NUHÇIXAN xatırladır ki, onun şəhidlik zirvəsinə yüksəlməsindən 14 il ötür.

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçəsini isə yaralayıb. O, bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.

Hərbçimizin nəşi qaytarmaqdan Ermənistan tərəfi uzun müddət boyun qaçırıb və 141 gün saxlayıb. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verib.

2010-cu ilin noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində M.İbrahimovla vida mərasimi keçirilib. M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: