Bəli, o, hələ sağ ikən – “Vətəni qorumaq üçün şəhidlik zirvəsinə ucalsam, onda ən gözəl ölümü də mən dadacam, vətən, torpaq üçün ölmək ən gözəl ölümdür mənim üçün...” – deyirdi. 44 günlük Vətən müharibəsində igidliyi və qəhrəmanlığı ilə hər kəsə nümunə olan şəhid adını qazanan oğullardan biri idi, kapitan Aşur Cəmiyev. O, vətən yarasını öz yarasından üstün bilərək işğal altında olan torpaqlarımızın düşməndən təmizlənməsində böyük cəsarət və şücaətlər göstərib. Vətən oğlunun ən böyük arzularından biri Şuşa qalasına üçrəngli bayrağımızı sancmaq idi.
Diqqətə çatdırım ki, qəhrəmanlığı ilə xalqın qəlbində əbədi yer tutan şəhid kapitan Aşur Bəybala oğlu Cəmiyevin bu gün doğum günüdür.
1989-cu il 18 iyunda Şahbuz rayonunun Külüs kəndində anadan olan Aşur ailəsinin Naxçıvan şəhərinə köçməsi səbəbindən orta təhsilini də burada alır. Uşaqlığından qəlbində böyütdüyü vətən, bayraq sevgisi valideynlərinin də diqqətindən yayınmır. İsrarla valideynlərinə bayraq aldıran qəhrəmanımız günlük dərslərinə masasında qarşısına qoyduğu bayrağına baxaraq çalışırdı... Sanki o, zamandan hiss edirmiş kimi, bir gün gələcək mən bu bayrağımla ən yüksək ada, yüksək zirvəyə ucalacam...
Deyirlər arzular insanın həyat yoluna işıq salır... Elə bu işıqla da Aşur 8-ci sinifdən yolunu Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə salır. Burada dərslərinə məsuliyyətlə yanaşan qəhrəmanımız tezliklə müəllim və kursant yoldaşlarının rəğbətini qazanır. O, yüksək fiziki hazırlığı, nizam-intizamı, döyüş ruhu və vətənpərvərliyi ilə hər zaman seçilən gənc hərbçi olmağı bacarır. Burada təhsilini başa vuran vətənin igid oğlu MTN-nin Heydər Əliyev adına Akademiyasına qəbul olur. Hərbi sirləri dərindən öyrənib vətənə xidmət borcunu ilk olaraq Lənkəran sərhəd dəstəsində edən Aşur Cəmiyev qısa zaman ərzində ölkəmizin cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlarda iştirak edir. Xidməti dövründə vəzifə borcunu layiqli yerinə yetirən qəhrəmanımız “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Sərhəd Mühafizəsinin 95 illiyi” və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalları ilə təltif olunur.
2020-ci il 27 sentyabrda Ermənistanın başlatdığı növbəti təxribatına Azərbaycan Silahlı Qüvvələrinin Ali baş Komandanı İlham Əliyevin əks-hücum əmrini verməsi bir çox vətənin igid oğlunun qəlbindəki arzusuna çatdırdı. Bu oğullardan biri idi Aşur Cəmiyev. Onun vətən müharibəsinə qatılmaq istəyi komandanlıq tərəfindən geri çevrilsə də, qəhrəmanımız öz arzusundan dönmür. “Şəhidlikdən uca zirvə yoxdur” deyib haqq savaşına qatılan vətənin igid oğlu təcrübəsi və döyüş taktikası ilə ilk vaxtlardan düşmənə aman verməyib ön xətlərdəki istehkamları uğurla yarır. Onun bir neçə silahdan istifadə etmə bacarığı iştirak etdiyi əməliyyatları uğurla sonlandırır. Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə bitsin deyə şəxsi igidlik göstərən Aşur qələbə sevincini yaşamaq üçün çox tələsirdi. Onun bir arzusu var idi, Zəngilana, Qubadlıya və Şuşaya bayraq sancmaq. Bu arzusu onu Qubadlı rayonunun işğaldan azad olunmasına qədər apara bildi. Qəhrəmanımız bu istəyinə Xudafərində, Zəngilanda bayraq sancaraq çatdı. Növbəti döyüşlərdə də igidlik göstərən Aşur oktyabrın 6-ı yaralanır. Yaralandığını heçkimə bildirməyən qəhrəmanımız Vətən yarasını öz yarasından üstün bilir. Döyüşə davam edən vətənin igid oğlu 15 gün sonra Qubadlı rayonunun azadlığı uğrunda şəahadətə yüksəlir və Naxçıvan şəhərində dəfn olunur. Ailəli olan qəhrəmanımızın üç övladı vətənə əmanət qalıb.
Qeyd edək ki, şəhid kapitan Aşur Bəybala oğlu Cəmiyevin vətən qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncamlarına əsasən qəhrəmanımız ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətəni canından üstün bilən qəhrəmanımız, Sizin kimi vətən oğullarının əziz xatirəsini hər zaman bütün qəlbimizlə anır, ruhu qarşısında baş əyirik.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı