“Murovun o üzü də bizim vətəndir”

A- A A+

44 günlük vətən müharibəsi tariximizin qəhrəmanlıq səlnaməsinin davamı oldu. Bu tarixi zəfər bizə necə qəhrəman oğullar tanıtdı. Bütün Azərbaycan xalqı qəhrəman oğullarının igidliyi və şücaətləri ilə fəxr, qürur hissi duydu. Qəlblərdə yer tutub, fəxarət rəmzi olan belə oğullardan biri də şəhid mayor Babayev Rahib Bəxtiyar oğludur.

8 ildir xidmət etdiyi Murovdağda qarşı tərəfə baxdıqca köks ötürüb, bir sözünü dilindən düşürməyən Rahib Babayev: “Murovun o üzü də bizim vətəndir” deyərək qəlbində ən böyük arzu kimi düşünürdü: “Vatikən kəlbəcərlilərin bu aşırımı minbir əziyyətlə aşıb, canlarını qurtarmağa çalışıb, əlacsız mübarizələri...” qəhrəmanımızın gözü qarşısında canlanırdı və bir hiss Onun qəlbini ələ alırdı, “torpaqlarımızı, Kəlbəcəri necə olur olsun azad edəcəyik!”.

Bildirim ki, yazımın qəhrəmanı olan Rahib Babayevin bu gün doğum günüdür.

Naxçıvan diyarının Şahbuz rayonunun Külüs kəndində 1985-ci ildə anadan olan vətənin igid oğlu orta təhsilini əvvəlcə Külüsdə alıb sonra isə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə davam etdiribdir. Hərbçi olmaq arzusu onu Cəmşid Naxçıvanski liseyə aparır. 8-ci sinifdən təhsilinə liseydə davam edən Rahib Babayev buranı müvəffəqiyyətlə başa vurub Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. Hərbi sirlərə dərindən yiyələnən qəhrəmanımız ilk xidmətinə Sumqayıt şəhərində yerləşən hərbi hissələrin birində başlayır. Bir müddət burada xidmət edən Rahib daha sonra Qazaxda və Murovdağ silsiləsində xidmətinə davam edir. Bu illər ərzində mayor rütbəsinəcən yüksələn qəhrəmanımız qüsursuz xidmətlərinə görə bir çox fəxri fərmanlara və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90, 95, 100 illik yubiley medallarına, eləcə də “Qüsursuz xidmətə görə” 3-cü və 2-ci dərəcəli medallara layiq görülür.

Uzun zamandır ki, Murovdağ da xidmət edən qəhrəmanımız artıq öz işinin peşəkarı kimi bölgənin hər bir qarışına da bələd olur. Rahib Babayevin komandiri olduğu tabor Murovdağ silsiləsində Ömər aşırımı-Yanşaq-Kəlbəcər istiqamətində yerləşən düşmən qüvvələri ilə qarşı-qarşıya müdafiədə dayanmışdı. Həmin taborun xidmət ərazisi Kəlbəcər-Göygöl-Daşkəsən birləşmələrindən başlayaraq Göygöl-Ağdərə-Kəlbəcərə qədər əraziləri əhatə edirdi.

2020-ci il 27 sentyabrda döyüş əmri verilən zaman Rahib Babayevin komandiri olduğu taboru ilə birlikdə mühüm üstünlüyü olan Ömər zirvəsi və aşırımı, Güzgü, adsız, şərti adı Elşən zirvəsi, daha strateji əhəmiyyətli “Canavar-sol” və “Canavar-sağ” zirvələrini ələ keçirmək olduqca çətin və təlükəli idi. Çünki üst mövqelərdə postlar quran düşmən yüksək mövqeyinə görə ordumuzu rahat müşaiət edə bilirdi. Bu istiqamətdə hücuma keçmək üçün ancaq havanın dumanlı olmağını və yaxud gecə saatlarında irəliləyib düşmənə zərbə endirmək mümkün idi. Xüsusi olaraq qeyd edək ki, bu qədər çətin tapşırığın öhtəsindən gəlməyi bacaran tabor sentyabrın 30-a kimi mühüm strateji əhəmiyyətli yüksəklikləri düşmənlərdən təmizləməyi bacarmışdı. Murovdağın Kəlbəcər istiqamətində “Canavar-sol” deyilən postu ələ keçirən zaman ayağından yaralanan mayor Rahib Babayev yaralı olmasına əhəmiyyət verməyərək döyüşə davam edib, bir çox yaralı əsgərlərini xilas edir. Ancaq çox qan itirən qəhrəmanımız son arzusu olan həmin postu düşməndən azad etdikdən sonra şəhadətə yüksəlir. Onun arzusu olan “Murovun o üzü də bizim vətəndir”- söylədiyi Kəlbəcər rayonu da tezliklə işğaldan azad edilir.

Qəhrəmanımız oktyabrının 2-də Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Bir qız, iki oğul atası olan qəhrəmanımızdan bizə övladları əmanət qalıb.

Qeyd edək ki, işğal altında olan torpaqlarımızın azad edilməsində və Azərbaycanın ərazi bütovlüyünün təmin olunmasında şəxsi igidlik göstərən şəhid mayor Rahib Babayev hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən qəhrəmanımız ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: