NUHÇIXAN xəbər verir ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində “İş sahələrində əməyin mühafizəsinin təşkili” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri tərəfindən keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən əməyin mühafizəsi üzrə mütəxəssislərə slaydlar vasitəsi ilə məlumat verilib.
Qeyd olunub ki, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmasıdır. Əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmaması, işçilərin həyat və sağlamlığının itirilməsi ilə nəticələnə bilər. Ona görə də hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.
Sadiq Məmmədov