NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 20-si “Qaz təsərrüfatı işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və əzmkarlığı nəticəsində 1980-ci ildə Naxçıvan Muxtar Respublikasına yüksək təzyiqli qaz xətti çəkilərək yaşayış məntəqələrinin 52 faizi mavi yanacaqla təmin edilmişdir. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublika blokada vəziyyətinə düşmüş, bütün kommunikasiya xətləri kəsilmiş, o cümlədən qazın ötürülməsi dayandırılmışdı. Uzun fasilədən sonra, 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa edilib. Fəaliyyətə başladığı 2005-ci ildən bugünə qədər, Qaz İstismar Xidməti Muxtar Respublikanın yaşayış məntəqələrini mavi yanacaqla tam təmin edir.
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin qaz paylayıcı stansiyalarında Elster sənaye elektron qaz sayğacları üçün qaz nəqli proseslərinin uzaq məsafədən idarə edilməsi və operativ nəzarəti üzrə informasiya–ölçü qeydiyyat sistemi yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində görülən işləri yüksək qiymətləndirərək deyirdi: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır”.
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti istehlakçıların fasiləsiz və təhlükəsiz mavi yanacaqla təminatını diqqətdə saxlayır və qarşıda duran vəzifələri uğurla yerinə yetirir. Həmçinin Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri zamanı sosial obyektlərin, inzibati binaların qaz təchizatı yenidən qurulur. Xidmətin şəhər, rayon qaz istismarı idarələrinin qəza dispetçer xidmətləri istehlakçılardan daxil olmuş çağırışlara uyğun vaxtında tədbirlər görür, qəzaların qarşısı alınır, mavi yanacağın fasiləsiz nəqli təmin edilir. Təbii qazdan səmərəli istifadəni təmin etmək məqsədilə təzyiqin normalara uyğun saxlanılması üzrə gündüz və gecə texnoloji rejimləri yaradılıb, sərfiyyat qeydiyyatının aparılması ciddi nəzarətə götürülüb. Avadanlıqlara texniki xidmət işləri qrafik üzrə həyata keçirilir, mütəmadi olaraq yeraltı xətlərdə korroziyaya uğrayan hissələr yeni borularla əvəz olunur, yeraltı yüksək və ortatəzyiqli magistral qaz kəmərlərinin üzərində quraşdırılıb katod elektrokimyəvi mühafizə qurğularına nəzarət olunur, xətlərdəki potensial fərqi ölçülərək nəzarətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi enerji təhlükəsizliyinin təmin olunmasına, ətraf mühitin qorunmasına da mühüm töhfə verir. Belə ki, muxtar respublikanın təbii qazla davamlı və keyfiyyətli təminatı təbiətin qorunmasında və ekosistemin zənginləşdirilməsində əhəmiyyətli rola malikdir.
Muxtar respublikanın qaz təsərrüfatında idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, itkilərin azaldılması yolu ilə səmərəliliyin artırılması, qazın nəqli və paylanmasında operativliyin təmin edilməsi, istismar və texniki təhlükəsizliyə nəzarətin gücləndirilməsi istehlakçıların təbii qazla etibarlı təminatına şərait yaradıb. Təbii qazdan təhlükəsiz və səmərəli istifadə olunması məqsədilə abonentlərin maarifləndirilməsinə xüsusi diqqət yetirilir, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün mütəmadi olaraq iş aparılır. İnanırıq ki, qaz təsərrüfatı işçiləri bundan sonra da muxtar respublikada enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək, abonentlərin təbii qazla fasiləsiz təminatı üçün səylə çalışacaqlar.