Gənclər hərbi xidmətə yola salınıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən bu gün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Şahbuz və Sədərək rayonlarında çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri keçirilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində də gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, Ədliyyə nazirinin müavini, ədliyyə müşaviri Emin Səfərov, Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov və Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək, əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Qüdrət Cəlilov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini deyib.
Çağırışçılar adından çıxış edən Emin Muradov vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsində keçirilən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib.
Sonra tədbirdə digər çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin gücündən danışıb, çağırışçılara xidmətdə ayıq-sayıq olmağı, hərbi texnikaların sirlərini dərindən yiyələnməyi tövsiyyə ediblər. Çağırışçılar adından çıxış edən Əlirza Mayıllı Vətənə şərəflə xidmət edəcəklərini bildirib. Valideyn Əkrəm Baxşəliyev ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon şöbəsində də gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri şöbənin rəisi Nüsrət Vəliyev açaraq gəncləri təbrik edib, onlara hərbi xidmətdə uğurlar arzulayıb.
Digər çıxış edənlər Azərbaycan Ordusunun şanlı tarixindən, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Çağırışçılar adından çıxış edən Qabil Bayramov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərin tapşırıqlarini yerinə yetirəcəklərinə söz verib. Valideynlər adından Elşad İsmayılov çıxış edərək övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini deyib.
Novruz Məmmədov